Samirə Qasımlıya qarşı şikayət Yasamal Məhkəməsinə göndərilib

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış şikayət Yasamal Rayon Məhkəməsinə göndərilib.

Samirə Qasımlının “Toplum TV”yə bildirdiyinə görə, Binəqədi Rayon Məhkəməsi bununla bağlı mayın 1-də müvafiq qərar çıxarıb.

S. Qasımlı qeyd edib ki, müdafiə tərəfi işin Yasamal Rayon Məhkəməsinə göndərilməsini onun sosial media paylaşımlarını məhz Yasamal rayonundakı evindən etməsi ilə əsaslandırıb.

S.Qasımlı vaxtilə həyat yoldaşını hədə-qorxuda ittiham etmiş Qurbanəli Yusifov tərəfindən məhkəməyə verilib. 

O, siyasətçinin həyat yoldaşını Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham edir. 

Q.Yusifov məhkəməyə ərizəsində iddia edib ki, S.Qasımlı "Facebook" hesabındakı paylaşımlarında onu hədələyib və böhtan atıb. 

Bununla yanaşı, Daxili İşlər Nazirliyi tərəfindən Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub. O, məhkəməyə verilməsini hakimiyyətin sifarişi adlandırıb.