Şahidin ifadəsi irəli sürülən ittihamı təsdiq yox, təkzib edib

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Bu dəfəki prosesdə fəalın törətdiyi iddia olunan bıçaqlanma insidentində taksi sürücüsü olmuş şəxs dindirilib.
Ə.Məmmədlinin vəkili Rəsul Cəfərov bildirib ki, şahidin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər olub.
"Bu şəxsin ifadəsi irəli sürülən ittihamı təsdiq yox, təkzib etdi. Hadisənin baş vermə təfərrüatları, iştirak edən şəxslərin kimliyi, onların avtomobildə bir-birindən əyləşmə məsafəsi haqda dedikləri ittiham aktında yazılanlardan fərqli xarakter daşıyırdı", - o qeyd edib.
Ə.Məmmədlinin atası Vüqar Məmmədli açıqlamasında oğluna "şər atıldığının bir daha şahidi olduğunu" deyib.
Növbəti proses martın 5-i saat 12:00-a təyin olunub.
Əhməd Məmmədli ötən il mayın 6-da saxlanılıb və mayın 8-də barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.
İttiham aktında iddia olunur ki, o, sərnişin kimi mindiyi avtomobildəki digər sərnişinə mübahisə zəminində bıçaqla xəsarət yetirib.
Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.