Ruslan İzzətli həbsxanadan ictimaiyyətə məktub ünvanlayıb

Martın 5-də III Respublika Platformasının həbsdə olan qurucu heyət üzvü Ruslan İzzətlinin həbsinin bir ilinin tamam olması ilə bağlı ictimaiyyətə ünvanladığı məktub yayımlanıb.

Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan İzzətli təcridxanada qeyri-siyasi məsələlərlə əlaqədar ədalətsiz şəkildə həbs olunan məhbusların olduğunu bildirib. “Artıq məmləkətimiz elə bir dönəmə gəlib ki, hüquq və ədalət tanımayan sistem hər kəsin qapısını döyür. Hər zaman müsahibələrimdə, açıqlamalarımda bildirirdim ki, susmaq və seyirci qalmağınız sizi hüquq və ədalət tanımayan sistemdən qorumur”, - deyə o, məktubunda qeyd edib.

Haqqında açılan cinayət işi üzrə istintaqın yekunlaşmaq üzrə olduğunu çatdıran siyasətçi günahsız olduğunu və siyasi fəaliyyəti ilə əlaqədar həbs olunduğunu ifadə edib. Bununla belə, o, istintaq dövründə haqqında ifadə verən şəxslər, istintaqı aparan müstəntiqlər, habelə məhkəmə hakimləri haqqında kin saxlamadığını deyib. “Onlar da hüquq və ədalət tanımayan sistemin qurbanlarıdır”, - deyə İzzətli yazıb.

“Siyasi fəaliyyətim zamanı hər zaman kin və nifrətdən uzaq durmağı təbliğ etmişəm. Əsassız olaraq həbsə atılmam belə kin və nifrətə əl atmağımıza əsas olmamalıdır. Biz mübarizə apardığımız sistemə bənzəməməliyik. Ümidsiz və inamsız olmayın, məmləkətimizdə mütləq azadlıq günəşi doğacaq. İstər iqtidarda, istər müxalifətdə olan siyasətçilər xalq qarşısındakı məsuliyyətini anlamalıdır. Gündəlik və ya şəxsi maraqlar üçün millətin gələcəyini qaranlığa qərq etməməlidilər”, - deyə o əlavə edib.

Ruslan İzzətli və “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli ötən il martın 8-də “Toplum TV işi” çərçivəsində saxlanılıb, “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilib və həbsin müddəti bir neçə dəfə uzadılıb.

“Toplum TV” nəşrinin redaksiyası ötən il martın 6-da həyata keçirilən polis reydindən sonra möhürlənərək qapadılıb. Polis həmçinin “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

“Toplum TV işi” çərçivəsində Ruslan İzzətli və Ələsgər Məmmədli ilə yanaşı, jurnalist Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, əməkdaşları Əli Zeynalov və İlkin Əmrahov və “III Respublika Platforması”nın Qurucu Heyət üzvü Ruslan İzzətli də həbs edilib.

İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən jurnalistlər və fəallara qarşı ittihamlar yanvarın 17-də 6 yeni ittihamla ağırlaşdırılıb. Eyni gündə “Toplum TV”-nin polis nəzarətində olan jurnalisti Fərid İsmayılov barəsində də həbs qətimkan tədbiri seçilib.

Fevralın 5-də isə “Toplum TV”-nin daha bir jurnalisti – Şahnaz Bəylərqızı eyni ittihamlarla həbs edilib. O, daha sonra səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılıb.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 350-dən artıq siyasi məhbus var. Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub