Rusiya Almaniyanı hədələyib: Dəhşətli nəticələri olacaq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya rəhbərliyinin davranışını dəyişdirməməsinin dəhşətli nəticələrə səbəb olacağını bildirib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, Rusiya XİN məlum bəyanatı alman zabitləri arasında Krım körpüsünə hücumla bağlı söhbətin sızması fonunda verib.

"Alman zabitlərinin sızan müzakirələri göstərir ki, Almaniyada denazifikasiya tam başa çatmayıb", - Zaxarova martın 4-də keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, əgər almanlar vəziyyəti dəyişməsələr, nəticələr Almaniya üçün dəhşətli olacaq.

Ötən həftə Rusiyanın əsas propoqandaçılarından biri Marqarita Simonyan Bundesverin yüksək rütbəli zabitləri arasında Krım körpüsünə hücum üçün "Taurus" raketlərinin mümkün istifadəsini müzakirə edən danışıqları dərc edib.  

Almaniya rəsmiləri danışıqları təsdiqləyib. Hadisə ilə bağlı araşdırmalara başlanıb.

Bu gün səhər isə Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. O, rusiyalı diplomatlarla görüşdən sonra şərh verməkdən imtina edib.