"Red Line Channel" ofisindən çıxarılıb

RLC (Red Line Channel) kanalı müvəqqəti fəaliyyətini dayandırmalı oldu. Lakin müvəqqəti!" 

 Bu barədə kanalın baş redaktoru Samirə Qasımlı "Facebook" hesabında məlumat verib. Onun sözlərinə görə, RLC-nin ofisdən çıxarılması ilə bağlı qərar verilib:

"RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi ki, Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. RLC-nin əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyətinə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı. Mart ayında "Facebook" səhifəsi hak olundu və son 1 illik materialları Facebook səhifəsindən silindi. Bu materialların böyük hissəsinin yüz minlərlə baxış, minlərlə bəyənmə sayı vardı. Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəldi".

Samirə Qasımlı bildirib ki, son bir neçə ayda RLC yeni formatlar üzərində işləyirdi. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdi.

"Mətbuat azadlığının böğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar, yəni müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi.

RLC fəaliyyətini müvəqqəti dayandırır. RLC olaraq haradan və necə başlaya biləcəyimiz üçün yenidən yola çıxacağıq", - deyə o açıqlamasında qeyd edib.  

 

Toplum TV