Ramzan Kadırov "Nüvə fizikası və Nüvə energetikası"nın inkişafına verdiyi töhfələrə görə qızıl medalla təltif edilib

Qroznı İnform xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov “İqor Kurçatov” adına qızıl medala layiq görülüb.

Medalı Kadırova Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk təqdim etsə də o, Kadırovun "Nüvə fizikası və Nüvə energetikası"nın inkişafına hansı töhfələr verdiyini dəqiqləşdirməyib. Əvəzində o, Kadırovun Çeçenistanın elm və təhsilinin inkişafında böyük uğurlarını qeyd edib.

"Görkəmli bir institutdan belə yüksək mükafat almaq mənim üçün böyük şərəfdir" - deyə, Kadırov Telegram kanalında yazıb.

"İqor Kurçatov" adına qızıl medal 1960-cı ildə təsis edilib. Bu mükafat nüvə fizikası və nüvə energetikasının inkişafındakı görkəmli nailiyyətlərə görə verilir. Bu, Rusiya Elmlər Akademiyasının ən mühüm mükafatlarından biridir.

Daha əvvəl Kavkaz.Realii Kadırovun aldığı mükafatlar barədə yazıb. Belə ki, Çeçenistan rəhbərinin Rusiyanın Penitensiar Sisteminin Gücləndirilməsi, İnsan Haqları Sahəsində Mübarizə, Parlamentarizm, Aqrar Sənaye, Qanunvericiliyin və Dövlət Quruculuğunun inkişafına verdiyi töhfələrə görə medallarla təltif edilib.

2021-ci ildə Kadırov Səhiyyə və Tibb Elmlərinin İnkişafındakı xidmətlərinə görə "İbn Sina" ordeni ilə təltif edilib. 2022-ci ilin iyun ayında Rusiya Stomatologiya Assosiasiyası onu Stomatologiyada Fəaliyyətə görə birinci dərəcəli ordenlə təltif edib.

Ümumilikdə Çeçenistan rəhbərinin otuzdan çox rəsmi dövlət medalları var ki, onlara "Hərbi şücaətə görə" II dərəcəli (2000), IV və III dərəcəli "Vətənə xidmətə görə"(2006 və 2021) medalları və Rusiya Qəhrəmanı ulduzu da daxildir.

 

Amerikanın Səsi