Qətər Suriyaya elektrik enerjisi tədarük etməyə başladı

Qətərin QNA xəbər agentliyinin məlumatına görə, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin göstərişlərinə uyğun olaraq elektrik ehtiyaclarını ödəmək və infrastrukturun yaxşılaşdırılması məqsədilə İordaniya vasitəsilə Suriyaya elektrik enerjisinin tədarükü bu gün başlayıb.

Sözügedən layihənin Qətər İnkişaf Fondu ilə İordaniyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirildiyi və layihəyə inzibati olaraq BMT-nin İnkişaf Proqramı tərəfindən nəzarət ediləcəyi qeyd edilib.

Qətər İnkişaf Fondundan verilən yazılı açıqlamada elektrik enerjisinin verilməsi ilə birinci mərhələdə gündə 400 meqavata qədər elektrik enerjisi istehsal etmək mümkün olacağı və Suriyadakı Deyr Əli stansiyasında istehsal gücünün mərhələli şəkildə artırılacağı bildirilib. Başda Dəməşq olmaqla Suriyanın bir çox şəhərinə elektrik enerjisinin paylanacağı, beləliklə də əsas xidmətlərin yaxşılaşdırılması və sosial sabitliyin gücləndiriləcəyi vurğulanıb.

Qətər İnkişaf Fondunun baş direktoru Fəhd bin Həməd Əl Suleyti bu əməkdaşlığın davamlı inkişafın dəstəklənməsi və regional həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətini ifadə edib.