Qaribaşvili: Tbilisidə keçirilən aksiyaların məqsədi inqilab yolu ilə hakimiyyəti devirmək olub

Martın 7-8-də Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarının məqsədi inqilab yolu ilə Gürcüstanda hakimiyyəti devirmək olub.

Operativtv.com APA-nın Tbilisi müxbirinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində keçirilən dinləmədə deyib.

Baş nazir qeyd edib ki, "beşinci kolon" və onun rəhbərlik etdiyi ekstremist, anarxist qüvvələr hakimiyyəti devirməyə çalışsa da “hakimiyyət öz müdrikliyi və gücü ilə zorakı hərəkətləri dəf edib və hər kəsə layiqli yer verib”.

Qaribaşvili Avropa Parlamentinin bəzi deputatlarının polisə "Molotov kokteylləri" ilə hücum edilərkən həvəsləndirici bəyanatlar verdiyini xatırladıb: "Bu plan, təbii ki, iflasa uğradı və ölkəmizin düşmənləri yenidən məğlub oldu".