Oqtay Gülalıyev: “Həmrəylik marafonu” davam edəcək”

İyunun 28-də polisin Müsavat Partiyasının mənzil-qərargahına müdaxiləsi nəticəsində "Həmrəylik marafonu"nun baş tutmamasına baxmayaraq, onun təşkilatçıları siyasi fəalların cərimələrinin ödənilməsi üçün vəsait toplanmasını davam etdirəcəklər. Bu barədə Turan-a marafonu təşkil edən Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, marafon AXCP lideri Əli Kərimli Müsavat Partiayasının ofisi önündə saxlandıqdan bir saat sonra dağıdılıb.

"Aksiyada məqsəd qanunsuz və ədalətsiz olaraq inzibati qaydada cərimələnmiş adamlara yardım etməkdir. Ötən ilin noyabrından 60-dan çox adam təxminən 11 min manat (6600 dollar) cərimələnib. Üstəlik, adamları təkcə etiraz aksiyalarında iştiraka görə yox, həm də Şəhidlər Xiyabanını kollektiv ziyarət etdiklərinə, həbsdə olan fəalların işləri üzrə proseslərə getdiklərinə görə cərimə ediblər", - O.Gülalıyev deyib.

Marafon baş tutmadığına görə lazımi vəsait toplanmayıb. Odur ki, Repressiyalar və İşgəncələr Əleyhinə Komitə cərimə edilmiş fəalların dəstəklənməsi üçün ianə yığımını davam etdirəcək. O.Gülalıyevin sözlərinə görə, aksiyanı dəstəkləyənlər çoxdur və yaxın günlərdə vəsait toplanacaq.Oqtay Gülalıyev: “Həmrəylik marafonu” davam edəcək”