Redaktor sayta qoyulan blokun götürülməsini istəyir

Noyabrın 26-də Səbail Rayon Məhkəməsində bastainfo.com saytının şikayəti ilə bağlı hazırlıq iclası keçirilib.
 
Mustafa Hacıbəylinin Azadlıq Radiosuna verdiyi məlumata görə, onlar ölkə daxilindən sayta girişin bloklanmasının götürülməsini istəyirlər: «Daha bir tələbimiz həm də mənə qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə başlanmış cinayət işinin ləğv edilməsidir».
 
Onun sözlərinə görə, bu prosesdə şikayətə baxış keçirilib və növbəti iclas noyabrın 30-na təyin edib.
 
Sayt rəhbəri xatırladıb ki, buna qədər eyni iddia ilə Bakı 1 Saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər: «Amma Bakı 1 Saylı İnzibati-İqtisadi Məhkəməsi bu işi icraata qəbul etmədi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik, o da bizim istəyimizi geri çevirdi. Odur ki, Səbail Rayon Məhkəməsinə üz tutduq».
 
Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Orada bildirilib ki, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı adamlar internet vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlandığı bildirilib.
 
Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət də edib. Bundan sonra bastainfo.com saytına giriş məhdudlaşdırılıb.
 
Saytlar ittihamları qəbul etmirlər. Terrorda ittiham edilən Y.Səfərovdan isə bu açıqlamaya münasibət almaq mümkün olmayıb. Həmin olay nəticəsində E.Vəliyev ağır xəsarət alıb və bir müddət sonra başçı vəzifəsindən çıxarılıb.