“Yumurta və bəzi bostan bitkilərinin qiyməti bahalaşıb”

Vahid Məhərrəmov: “Bostan bitkilərinin əkin sahəsi 10,6 faiz azalıb”

“Yumurtanın və bəzi bostan bitkilərinin qiyməti bahalaşıb. Təkcə yumurtanın qiyməti son bir ay ərzində 2 dəfə, yəni 100 faiz artıb”.

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyir. Vəziyyəti Ermənistanla müqayisə edən, ekspert deyib ki, orada son həftədə yumurtanın qiyməti 8,9 faiz ucuzlaşıb:

“Ermənistanda adambaşına il ərzində 232 ədəd yumurta istehsal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm Azərbaycanda 167 ədəddir”.

Vahid Məhərrəmov bu il bəzi bostan bitkilərinin də qiymətinin baha olmasına aydınlıq gətirib. Deyir, bu bitkilərin başında qarpız gəlir:

“Qiymətin ötən illərə baxanda xeyli baha olmasının bir neçə səbəbi var. Birincisi, əvvəlki ilə nisbətən bostan bitkilərinin əkin sahəsi 10,6 faiz azalıb. İkincisi, havaların isti keçməsi suvarma suyuna ehtiyacı artırdığı halda əksər bostan sahələrinə su verilməyib, nəticədə qarpız tağları susuzluqdan məhv olub. Üçüncüsü, əvvəlki illə müqayisədə bostançıların istehsal xərcləri artıb. Toxumun qiyməti 25 faiz bahalaşıb və s. Bu il təklif ciddi azalıb. Ona görə də qarpızın qiyməti əvvəlki ilə nisbətən baha olacaq”.

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin açıqladığı ən son məlumatda belə deyilir.

Bildirilir ki, bu müddətdə ərzaq məhsullarının qiymətləri 3,0, qeyri-ərzaq mallarının qiymətləri 3,8, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz artıb.

“Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub”.

2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2, o cümlədən ərzaq məhsulları 3,2 , qeyri-ərzaq malları 3,9, əhaliyə göstərilən ödənişli xidmətlər 2,6 faiz bahalaşıb.

meydan.tv