"Taxta bazarı"nda yanğın

Bu gün, iyunun 19-u səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanmağa başlayıb.
 
Fövqəladə Hallar nazirliyinin (FHN) saytı xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
 
"Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək”, məlumatda vurğulanır.
 
Həmin tikinti materialları bazarı sadə insanlar arasında "Taxta bazarı” kimi tanınır.
 
Yanğın söndürülüb.
 
Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.
 
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
 
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.
 
Ancaq yanğının sahibkarlara ümumilikdə nə qədər ziyan vurduğu, hələlik, hesablanmayıb.