Mayın 3-də Meida Klubu Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə "Media qanunvericiliyi: Senzura qayıdırmı?” mövzusunda dinləmələr keçirib.
Turan agentliyinə istinadən xəbər verilir ki, dinləmələrdə klubun üzvləri, media ekspertləri, jurnalistlər və hüquqşünaslar iştirak ediblər.
Müzakirələrin ana xətti media azadlığına, o cümlədən internet azadlığı və sosial mediaya qarşı məhdudlaşıdrıcı addımlar barədə olub.
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, media azadlığı ilə bağlı "tablo çox qaradır”. 2007-ci ildən indiədək media qanunvericiliyində 13 dəfə məhdudlaşdırcı əlavə və dəyişikliklər edilib.
"Bu 13 halın hər birində media qanunvericiliyinə məhdudlaşdırcı normalar əlavə olunub. Hər dəfə məhdudlaşdırcı normalar əvvəlkindən daha mürtəce, daha məhdudlaşdırıcı, beynəlxalq normalardan daha uzaq olub. Sonuncu məhdudlaşdırıcı dəyişiklik isə dünən, mayın 2-də olub. Bu dəfə dəyişiklik konsitusiyanın 50-ci maddəsinə zidd olaraq dövlət senzurasının qanunvericiliyə daxil edilməsindən ibatdir”, deyə o qeyd edib.
Ekspertin fikrincə, "Teleradio yayımı haqqında” qanuna (qanun 2002-ci ildə qəbul edilib) 2004-cü ildən başlayaraq məhdudlaşdırıcı əlavə və düzəlişlər edilib.
"Bu qanuna 2017-ci ilədək 8 dəfə məhdudlaşdırıcı dəyişiklik edilib. Öncə Teleradio Şurasının səlahiyyətləri genişləndirilib. Ona radio və televiziyalara inzibati cərimə tətbiq etmək hüququ verilib. Sonra ona yayımı müvəqqəti dayandırma hüququ və daha sonra televiziya və radionu bağlamaq hüququ verilib. Şura 2016-cı ildə bu səlahiyyətindən istifadə edərərk ANS televiziyasını və radiosunu bağlayıb”.
Onun sözlərinə görə, "İnformasiya əldə etmək haqqında” qanuna da (qanun 2005-ci ildə qəbul edilib) dəyişikliklər edilib.
"2012-ci ildədək qanunda nəzərdə tutulan İnformasiya Ombudsmanı institutu yaradılmadı. 2012-ci ildə bu norma qanundan çıxarılaraq guya səlahiyyətləri Ombudsmana verildi. Bu gün artıq 7 il səlahiyyət müddəti olan ombudsmanın müddəti artıq bir il 3 aydır başa çatıb. Hələ də yenisi yoxdur”, deyə o qeyd edib.
Ekspertin mərzuzəsi geniş müzakirələrə səbəb olub. Media Klubunun üzvləri "ölkədə media azadlığının” durumu ilə bağlı müraciət hazırlamaq və media azadlığının genişləndirilməsi üçün "Yol Xəritəsi” hazırlamaq üçün komissiya yaradılması barədə razılığa gəlib.
Turan agentliyinin direktoru bildirib ki, sənədlərdə ictimaiyyətə mesaj verilməlidir ki, ölkədə media azadlığı ilə bağlı aparılan siyasət özünü doğrultmur.
"Tədqiqatlar göstərir ki, bu gün əhalinin yalnız 20 faizə qədəri Azərbaycan televiziyalarına baxır. Son məlumatlara görə, əhalinin 67 faizi Türkiyə telekanallarına baxır. Eyni zamanda, Rusiya telekanallarına baxanların da sayı çoxdur. Çap mediası tam hökumətin nəzarətindədir və çoxsaylı saytlar yaradıblar. Çox miqdarda vəsiat sərf olunmasına baxmayaraq, hökumətin cəmiyyətə informasiya təsiri itirilib”.
Əliyev həmçinin deyib ki, qanunvericiliyə məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, hökumət rəhbərləri qanunvericilik daxilində belə işləyə bilmir.
"Ötən il azı 14 inernet saytı heç bir məhkəmə qərarı olmadan bloklanıb. Yəni qanunvericiliyə dəyişiklik edirlər, amma heç bir qərar, məhkəmə olmadan azı 14 saytı bloklayıblar”, deyə o bildirib.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev hesab edir ki, media qanunvericiliyi analiz edilərək media azadlığının bərpası ilə bağlı təkliflər paketi hazırlanmalıdır.
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyəti ictimai monitorinq edilməlidir.
"Bu fond vasitəsi ilə dövlət büdcəsində külli miqdarda vəsait xərclənib. Xərclənən vəsaitinin səmərəliliyi öyrənilməli və təkliflər verilməlidir”, deyə Şıxlı qeyd edib.
Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli hökuməti məsuliyyətini dərk edib media azadlğını məhdudlaşdırmağa son qoymağa çağırıb.
"Bu siyasət daxildə dağıdıcı enerjiyə çevrilir. Bu siyasəti yürüdən şəxslər cəmiyyət və dövlət qarşısında məsuliyyətlərini dərk etməlidirlər”, deyə Məhərrəmli bildirib.
Jurnalistlər senzuranı qaytarmaq planlarını pisləyir
Oxşar xəbərlər