Leyla Yunus yeni QHT qanun layihəsini müstəqil təşkilatlara “sonuncu güllə” adlandırır

Niderlandda yaşayan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Milli Məclisdə müzakirə olunan QHT dəyişikliklərinin Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin sonunu təsdiqlədiyini deyir: “Yeni qanun layihəsi müstəqil QHT-lərin son qalıqlarına vurulan sonuncu güllədir”.

Leyla Yunus bu fikirləri Azadlıq Radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, hakimiyyət yalnız ona tam sadiq təşkilatları saxlamaq qərarına gəlib və bu qurumlar sovet dövründə hakim partiyanın xəttini dəstəkləyən ictimai təşkilatların rolunu oynayacaq. “Əvvəllər hakimiyyət heç olmasa qanunun rolunu imitasiya edir, QHT-ləri məhkəmə qərarı ilə bağlayırdı. İndi demokratiya oyununun bu son görüntüsünü də kənara atıblar”, - o deyib.

Noyabrın 18-də parlamentdə müzakirəyə çıxarılan layihəyə görə, icra hakimiyyəti orqanı şəffaflıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı tələblərin pozulduğu hallarda QHT-nin fəaliyyətini məhkəmə qərarı olmadan bir ilədək dayandıra biləcək. Mövcud təşkilatlar qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində nizamnamələrini yeniləyib təkrar qeydiyyata müraciət etməli olacaq; müraciət etməyənlərin və qeydiyyatdan imtina alanların fəaliyyəti dayandırılacaq. Fond yaratmaq üçün minimum nizamnamə kapitalının 10 min manatdan 100 min manata qaldırılması da təklif olunur.

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” noyabrın 23-də yaydığı bəyanatda bu dəyişikliklərin hökumətə müstəqil qurumları dayandırmaq və ləğv etmək üçün daha geniş imkan verdiyini, layihədəki meyarların “sui-istifadəyə yol açan qeyri-müəyyən meyarlar” olduğunu yazıb. Təşkilat Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya noyabrın 19-da verilən 7 il 6 aylıq həbs cəzasını da “vətəndaş cəmiyyətinə növbəti zərbə” adlandırıb, ona qarşı irəli sürülən çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının siyasi motivli göründüyünü bildirib.

“Human Rights Watch” Azərbaycan hakimiyyətini layihəni geri götürməyə, Süleymanlını və qanuni fəaliyyətlərinə görə həbs edilən digər fəalları azad etməyə, ölkənin beynəlxalq tərəfdaşlarını isə Bakıdan birləşmək azadlığına dair öhdəliklərə əməl etməyi tələb etməyə çağırıb.

Hakimiyyət bu bəyanata hələlik münasibət bildirməyib. Rəsmilər indiyədək oxşar tənqidləri rədd edərək ölkədə birləşmək azadlığının təmin olunduğunu və heç kəsin siyasi səbəblərə görə təqib edilmədiyini deyiblər. Leyla Yunus isə hesab edir ki, beynəlxalq tənqid kifayət deyil: onun fikrincə, Bakıya təzyiq artırılmalı, investisiya və qrantlar dayandırılmalı, sanksiyalar tətbiq olunmalıdır.