Azərbaycanda hicab qadağasına etiraz edən Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edilib.

“Cumhuriyet” nəşrinin oktyabrın 25-də yaydığı məlumata görə, Saral vəzifədən uzaqlaşdırılmasını Azərbaycanla bağlı hicab açıqlamaları ilə əlaqələndirib.

Jurnalist Talat Atillanın paylaşdığı məlumata görə, Saral telefon danışığında vəzifədən azad olunduğunu təsdiqləyib.

“Məni cənab prezident vəzifəyə təyin etmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - Saral deyib.

Jurnalistin “Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” sualına isə Saral “Bəli, görünür, elədir” cavabını verib.

Oktyabrın 13-də Saral Azərbaycanda məktəblərdə şagird və müəllimlərə tətbiq olunan məhdudiyyətlərlə bağlı sosial şəbəkədə paylaşım edib.

“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir. Bu dövrdə belə bir anlayışa əsla yol verilməməlidir”, - o yazıb.

Nazirlər Kabineti sentyabrın 21-də ümumtəhsil məktəblərində vahid geyim formasının tətbiqi ilə bağlı qərar qəbul edib. Qərardan sonra bəzi məktəblərdə hicablı şagird və müəllimlərin dərsə buraxılmaması barədə məlumatlar yayılıb.

Məsələnin ictimailəşməsindən sonra Türkiyədə bəzi siyasi və dini çevrələr qərarı tənqid edib.

Bu tənqidlər fonunda Azərbaycan Xarici İşlər Nazirliyi deputatlar, dini xadimlər, jurnalistlər və bloqerlər də daxil olmaqla Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib, onların ölkəyə girişini qadağan edib.

XİN həmin şəxslərin sosial şəbəkələr və digər internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı açıqlamalar verdiyini bildirib.

Oktyabrın 19-da isə Baş Prokurorluq Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamı ilə daha yeddi Türkiyə vətəndaşının beynəlxalq axtarışa verildiyini açıqlayıb.

Baş Prokurorluq həmin şəxslərin sosial şəbəkələrdə, eləcə də Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda hakimiyyətin zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar etdiyini iddia edib. Binəqədi Rayon Məhkəməsi onların barəsində qiyabi həbs qətimkan tədbiri seçib.