Belçikalı müsəlman velosipedlə Ümrə səfərinə başlayıb

Belçikada uşaq evində böyümüş 26 yaşlı Aleksandr Lauvers uzun illər qurduğu arzusunu – velosipedlə ümrəyə getmək fikrini həyata keçirir.

O, bu tədbirini dünyadakı yetim uşaqlara ithaf edib.

Belçikada anadan olan və 8 il əvvəl İslamı qəbul edən Lauvers velosipedlə ümrəyə getmək arzusunu reallaşdırmaq üçün başladığı səfərinin 33-cü günündədir və hazırda Türkiyə ərazisindədir.

O deyib ki, 18 yaşına qədər yetimxanada yaşayıb və 2018-ci ildə kəlmeyi-şəhadət gətirərək müsəlman olub.

Aleksandr qeyd edib ki, uzun illərdir velosipedlə ümrəyə getməyi arzulayırdı. Əvvəlcə dostunun da bu səfərə qoşulması planlaşdırılsa da, onun xəstələnməsi səbəbindən ümrə yoluna tək çıxmalı olub.

Lauvers bildirib ki, Belçikadan yola düşdükdən sonra Niderland, Bolqarıstan və Yunanıstandan keçib. O bildirib ki, Antalya şəhərində çatandan sonra oradan təyyarə ilə İordaniyaya gedəcək. İordaniyadan isə velosipedlə Məkkəyə doğru yolunu davam etdirəcək.

Səfəri boyunca bir çox ölkədə insanların ona sevgi və dəstək göstərdiyini deyən Lauvers bildirib ki, Belçikadan İstanbula qədər təxminən 3 min kilometr, İstanbuldan Antalyaya qədər təxminən 850 kilometr, İordaniyadan Səudiyyə Ərəbistanına qədər isə təxminən 1500 kilometr velosiped sürüb və sürəcək.

Lauvers yetim uşaqlara dəstək layihəsi çərçivəsində səfərdən əvvəl sosial şəbəkələrdə başladığı yardım kampaniyasının gözlədiyindən daha çox maraq gördüyünü, dostlarının da layihəyə mühüm dəstək verdiyini söyləyib.

Lauvers əlavə edib ki, səfərdə əsas məqsədi ümrə ibadətini yerinə yetirmək, Allaha daha da yaxınlaşmaq və dinini daha yaxşı öyrənməkdir.

Lauvers sonda qeyd edib ki, artıq 1 aydan çoxdur yoldadır və səfərini iki ay ərzində başa çatdırmağı planlaşdırır.