Azərbaycan hakimiyyəti xaricdə yaşayan hökumət tənqidçilərini sosial media paylaşımları və onlayn çıxışlar əsasında cinayət məsuliyyətinə cəlb edir. “Human Rights Watch” (HRW) təşkilatının iyunun 10-da yayımladığı yeni hesabatda belə deyilir.
Təşkilatın məlumatına görə, son aylarda Bakı Ağır Cinayətlər Məhkəməsi Avropa və ABŞ-də yaşayan bir sıra Azərbaycan vətəndaşlarını qiyabi qaydada 6 ildən 16 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib. HRW bildirir ki, bu işlər əsasən hökumət tərəfindən təyin olunmuş ekspert rəylərinə söykənib və təqsirləndirilən şəxslər məhkəmə proseslərində iştirak etməyiblər.
“Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qoqia bildirib ki, bu məhkəmələr “etibarlılıqdan və hüquqi prosedurlardan uzaqdır” və əsas məqsəd hökumət tənqidçilərini susdurmaqdır:
"Azərbaycan hakimiyyəti tənqidçiləri ölkə sərhədlərindən kənarda da təqib etmək üçün onların onlayn çıxışları əsasında süni cinayət işləri qurur”.
Hesabatda qeyd olunur ki, 2023-cü ilin dekabrında Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklərdən sonra Azərbaycanda ilk dəfə qiyabi cinayət icraatına imkan verilib. Təşkilat hesab edir ki, bu mexanizm hakimiyyətə xaricdə yaşayan tənqidçilərə qarşı cinayət hökmləri çıxarmaq və sonradan həmin hökmlərdən ekstradisiya tələbləri üçün istifadə etmək imkanı yaradır.
Araşdırılan işlər arasında Fransada yaşayan tarixçi Altay Göyüşov və ABŞ-də yaşayan siyasi şərhçi Ərəstun Oruclunun məhkəmə prosesləri də var. Hər iki şəxs “YouTube” platformasında çıxışları və sosial şəbəkə paylaşımları əsasında hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamı ilə məhkum olunub. HRW bildirir ki, təqdim olunan materiallar əsasən siyasi şərhlər və hökumətin tənqidindən ibarət olub.
Təşkilatın araşdırmasına görə, bütün işlərdə əsas sübut kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin linqvistik ekspertiza rəylərindən istifadə edilib. HRW bu rəylərin beynəlxalq ifadə azadlığı standartlarını nəzərə almadığını və ciddi hüquqi qüsurlar daşıdığını vurğulayır.
Hesabatda qeyd edilir ki, qiyabi hökmlər təkcə Azərbaycan daxilində deyil, xaricdə yaşayan tənqidçilər üçün də risklər yaradır. Belə ki, Azərbaycan bu qərarlara əsaslanaraq ekstradisiya tələbləri irəli sürə bilər. Hətta xarici məhkəmələr bu tələbləri rədd etsə belə, hədəfə alınan şəxslər saxlanılma, hüquqi prosedurlar və səyahət məhdudiyyətləri ilə üzləşə bilərlər.
“Human Rights Watch” Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı qiyabi hökmlərə yenidən baxmağa və qanunvericiliyi beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırmağa çağırıb.
“Azərbaycanın mesajı ondan ibarətdir ki, ölkəni tərk etmək tənqidçiləri təqibdən qorumur”, – deyə Giorgi Qoqia bildirib.
Azərbaycan hakimiyyəti isə insan hüquqları sahəsindəki tənqidlərlə razılaşmadıqlarını bildirir, beynəlxalq təşkilatların hesabat və bəyanatlarını isə qərəzli qiymətləndirirlər.
Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda ölkədə 328 siyasi məhbus hesab edilən şəxs var.
HRW: “Azərbaycan hakimiyyəti tənqidçilərin onlayn çıxışlarından süni cinayət işləri qurur”