Ucuz dronlar nəhəng orduları necə dayandırdı

ABŞ və İsrail də fevralın sonunda İranı bombalamağa başlayarkən İslam Respublikasının qısa müddətdə çökəcəyini düşünürdü. Amma “böyük hərbi güclər” daha kiçik və zəif gördükləri rəqiblərini məğlub edə bilmədilər. İranın ucuz, yerli istehsal olan dronları döyüş meydanının qaydalarını tamami ilə dəyişdi.

Hərbi baxımdan zəif tərəflər raket çatışmazlığını və müasir hərbi hava qüvvələrinin yoxluğunu məhz dronlar vasitəsilə kompensasiya etdilər.

Müasir müharibələrdə təyyarə, tank, logistika və piyada qüvvələrinin hələ də həlledici rol oynadığını, bununla belə, hərbi strategiyada dronların əhəmiyyətinin getdikcə artdığını göstərir. Ehtimal ki, gələcəkdə dronlar süni intellektlə idarə olunan avtonom missiyalar yerinə yetirəcək. Pilotsuz yerüstü vasitələr həm logistikanı təmin edə, həm də hücum əməliyyatları apara biləcək. Dəniz dronları isə suüstü və sualtı döyüş imkanları yaratmaqla yanaşı, hazırda olduğu kimi "dron daşıyıcıları" rolunu da oynayacaq.

İran ABŞ və İsrailin zərbələrinə raketlər və dronlarla cavab verib. Bundan başqa, strateji əhəmiyyətli Hörmüz boğazını bağlayan İran regionda dəniz nəqliyyatını faktiki olaraq iflic edib.

Tək birinin qiyməti cəmi 7 min dollar olan İran dronları Körfəz ölkələrində ciddi dağıntılar törətməyi bacarıb. Məlumata görə, aprelin 8-də atəşkəs qüvvəyə minənədək İran tərəfi regional hədəflərə təxminən 4 min "Şahed-136" və "Araş-2" kamikadze dronu buraxıb.

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun İran üzrə müdafiə eksperti Fərzin Nədimi bildirir ki, İranın dron hücumları gəmiçiliyi iflic edib, hava və raketdən müdafiə radarlarına zərər vurub, qaz ixracını azaldıb və maliyyə baxımından çox baha başa gələn yüksək hazırlıq vəziyyəti yaradıb.

"İranın kamikadze hücum dronları 2026-cı il münaqişəsində sübut etdi ki, hətta ciddi şəkildə zəiflədilmiş qüvvələr belə hücum potensialını qoruya bilər. Onlar davamlı və ucuz başa gələn tükəndirmə müharibəsi vasitəsilə qüvvələr balansını dəyişməyə qadirdirlər", – ekspert vurğulayır.

Yaxın Şərqdəki qeyri-dövlət aktorları və silahlı qruplaşmalar da getdikcə PUA-lardan daha fəal şəkildə istifadə edirlər. Livandakı "Hizbullah" və Yəməndəki husilər bu sıradadır.

"Hizbullah" həm silahlı, həm də Livanın cənubunun böyük hissəsinə nəzarət edən siyasi təşkilatdır. ABŞ onu terror təşkilatı sayır, Avropa İttifaqı isə yalnız silahlı qanadını qara siyahıya salıb.

"Hizbullah" İsraillə müharibədə ilk dəfə Rusiya hərbçilərinin tətbiq etdiyi və hazırda Ukrayna cəbhəsində geniş yayılmış fiber-optik dronlardan istifadə edib. Son bir ayda təşkilat döyüşçüləri kilometrlərlə uzanan fiber-optik kabelli kamikadze dronları vasitəsilə İsrailin üç hərbçisini və bir mülki vətəndaşını məhv edib. Bu pilotsuz aparatlar elektron müharibə maneələrinə məruz qalmır və yüksək dəqiqliklə istənilən istiqamətə yönləndirilə bilir.

Husilər isə dron və raketlərlə Qırmızı dənizdə gəmilərin hərəkətini pozublar.

"Hizbullah” və husilər artıq göstəriblər ki, ucuz dron və raketlərə əsaslanan asimmetrik strategiyalar vasitəsilə rəqib ordulara böyük ziyan vurmaq mümkündür", – Vaşinqtondakı Karneqi Beynəlxalq Sülh Fondunun eksperti Stiven Feldşteyn qeyd edir.

Ekspertlərin fikrincə, hər iki qüvvə İranın layihələrindən və texniki biliklərindən, əsasən Çindən gətirilən kommersiya komponentlərindən, həmçinin Ukrayna müharibəsinin dərslərindən bəhrələnib.