"Hörmüz blokadası bazarları vurdu": Neft qiymətlərində yeni rekord qeydə alındı

Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazındakı blokadanın davam etməsi fonunda qlobal neft bazarları yenidən alovlanıb.

Bu gün — 10 aprel 2026-cı il tarixində Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyun fyuçersləri 0,77% bahalaşaraq bir barel üçün 96,66 dollara yüksəlib.

Nyu-Yorkun "NYMEX" birjasında isə "WTI" markalı neftin qiyməti 0,46% artaraq bir barel üçün 98,32 dollara çatıb.

Hesab edilir ki, ABŞ və İran arasında İslamabadda keçiriləcək tarixi görüş ərəfəsində Hörmüz boğazından gəmilərin keçidinin kəskin azalması tədarük zəncirində ciddi qırılmalara səbəb olub.

Əgər diplomatik danışıqlarda irəliləyiş əldə olunmasa, neftin qiymətinin yaxın saatlarda 100 dollar psixoloji həddini aşacağı gözlənilir. Hazırda bütün dünyanın diqqəti İslamabaddan gələcək rəsmi bəyanatlara və boğazın tam açılıb-açılmayacağına yönəlib.