ABŞ-də Konqresin 70-dən çox demokratı prezident Donald Trampın vəzifəsindən kənarlaşdırılması üçün çağırış edib

Buna səbəb Trampın aprelin 7-də "Truth Social" platformasında İran haqqında "bütöv bir sivilizasiya öləcək" deyə hədə-qorxu gəlməsi olub.
Əsasən müxalifətdə olan Demokratlar Partiyasından olan Konqres və Senat üzvləri ayrı-ayrılıqda bəyanatlar verərək Trampın "xidmətə yararsız" olduğunu bildiriblər və konstitusiyaya 25-ci düzəlişi işə salmağa çağırıblar.
25-ci düzəlişə əsasən, hökumət üzvlərinin çoxluğu prezidentin əqli və ya fiziki nasazlığını əsas gətirərək onun səlahiyyətlərini vitse-prezidentə ötürə bilər.
Qanunvericilər Trampın hədəsinin müharibə cinayəti təşkil etdiyini bildiriblər.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres də "X" səhifəsində Trampın adını çəkmədən yazıb ki, “heç bir hərbi məqsəd bir cəmiyyətin infrastrukturunun tamamilə məhv edilməsinə və ya mülki əhaliyə qəsdən əzab verməyə əsas vermir".
Tramp sözügedən paylaşımdan bir neçə saat sonra İranla 2 həftəlik atəşkəs əldə olunduğu xəbərini verib.
Pakistanın vasitəçiliyi ilə əldə olunan atəşkəsə əsasən, ABŞ İrana hava zərbələrini dayandıracaq, İran isə Hörmüz boğazından keçidə icazə verəcək. Eyni zamanda, iki ölkə arasında İranın təqdim etdiyi 10 maddəlik təkliflər paketi əsasında danışıqlar başlayacaq.