Ərəb ölkələri ABŞ səfirinin İsraillə bağlı açıqlamasını qınayıb

Bir sıra ərəb ölkələri ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin İsrailin bütün Yaxın Şərqə sahib ola biləcəyi barədə açıqlamasını qınayıb. 

Hakabi ötən həftə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib ki, İncilə əsasən, İsrailin bütün Yaxın Şərqi ələ keçirməyə haqqı var, sadəcə olaraq onların hazırda belə bir iddiası yoxdur. 

Açıqlamaya münasibət bildirən Yaxın Şərq dövlətləri isə bunu beynəlxalq hüququn pozuntusu adlandırıblar. 

İordaniyanın Xarici İşlər Nazirliyi bəyanatında açıqlamanı “absurd və təxribatçı” adlandırıb və “diplomatik normaların pozulması, regiondakı dövlətlərin suverenliyinə müdaxilə və beynəlxalq hüquq və BMT Nizamnaməsinin açıq-aşkar pozulması” kimi qiymətləndirib. 

Nazirlik əlavə edib ki, bu şərh “ABŞ prezidenti Donald Trampın işğal altındakı Qərb Sahilinin İsrail tərəfindən ilhaqını rədd edən, açıq şəkildə bəyan edilmiş mövqeyi ilə ziddiyyət təşkil edir.”

Misirin Xarici İşlər Nazirliyi də açıqlamanı qınayaraq bunu “beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərindən açıq-aşkar uzaqlaşma” adlandırıb.

Rəsmi Qahirə bu şərhlərə təəccübləndiyini bildirib və onların Tramp administrasiyasının Qəzza zolağında müharibənin sona çatdırılmasına yönəlmiş 20 maddəlik sülh planı, eləcə də 19 fevralda Vaşinqtonda keçirilmiş Sülh Şurası konfransının nəticələri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Misir XİN əlavə edib ki, İsrail işğal olunmuş Fələstin torpaqları və digər ərəb əraziləri üzərində suverenliyə malik deyil və Qərb Sahilini ilhaq etmək, onu Qəzza zolağından ayırmaq və ya işğal olunmuş Fələstin ərazisində məskunlaşma fəaliyyətini genişləndirmək cəhdlərini qəti şəkildə rədd edir. 

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də Hakabinin “əhəmiyyətsiz və düşünülməmiş açıqlamalarını ən güclü şəkildə" qınayıb. Nazirlik bildirib ki, bu açıqlamalar beynəlxalq hüququ, BMT Nizamnaməsini və diplomatik normaları pozur, ABŞ rəsmisi tərəfindən verildikdə isə təhlükəli presedent yaradır və regionla ABŞ arasındakı uzunmüddətli əlaqələri nəzərə almır.

Nazirliyin bəyanatında bildirilib ki, belə "radikal şərhlər regiondakı ölkə və xalqları qarşı-qarşıya qoyaraq beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradır və beynəlxalq nizamın təməlini zəiflədir."

Səudiyyə Ərəbistanı ABŞ Dövlət Departamentini bu açıqlama ilə bağlı mövqeyini aydınlaşdırmağa çağırıb və dövlətlərin suverenliyi, sərhədləri və ərazi bütövlüyünə hər hansı müdaxiləni qəti şəkildə rədd edən mövqeyini bir daha təsdiqləyib.

İraq, Küveyt və Omanın xarici işlər nazirlikləri də oxşar bəyanatlar verib. 

Açıqlamasına aydınlıq gətirməyə çalışan Hakabi isə "X" hesabında fikrinin kontekstdən çıxarıldığını iddia edib. 

ABŞ Dövlət Departamenti isə səfirin açıqlamasına münasibət bildirməyib.