Elgiz Məmmədov həkim nəzarətinə alınıb

Günlərdir şəkər xəstəliyi səbəbindən səhhətində ciddi problemlər yaranmasına baxmayaraq müayinə və müalicəyə alınmayan Müsəlman Birliyi Hərəkatının üzvü Elgiz Məmmədov nəhayət ki, ötən həftə həkim nəzarətinə alınıb.

Məlumatı inanclının ailəsi verib.

Belə ki, 2 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan E. Məmmədov artıq aylardır ki, ciddi şəkər xəstəliyindən əziyyət çəkir. Laqeydlik və baxımsızlıq səbəbindən gəncin şəkəri pik həddə yüksəlir. Təcridxanadan verilən zəif şəkər dərmanlarının təsirsizliyi isə onun durumunu təhlükə nöqtəsinə qaldırır.

Ailənin narahatlığı və vəkili Zibeydə Sadıqovanın əlaqədar təşkilatlara məsələ ilə bağlı müraciəti cavabsız qalmayıb. Ötən həftə təcridxanada müayinə olunan Elgizə müxtəlif iynə və dərmanların yazılması onun səhhətində ciddi dönüşə səbəb olub.

Ailəsinin bildirdiyinə görə E. Məmmədovu şəkəri nəzarətə alınmaqla yanaşı onun xəstəliklə bağlı digər müalicələri də həyata keçirilir.

Xatırladaq ki, Elgiz Məmmədov 2025-ci ilin 10 iyununda saxlanılıb. İnanclıya nakotiklərlə bağlı cinayət işi açılıb və hal-hazırda məhkəmələri davam edir.

Məsələ burasındadır ki, bir uşaq atası E. Məmmədov saxlanılan zaman tam sağlam olub. Səhhətində hər hansı bir narahatlığı olmayıb.

Elgiz narkotiklərlə bağlı ittihamı rədd edərək ona qarşı sürülən ittihamı qəbul etmədiyi üçün fiziki işgəncələrə məruz qalır. Hətta vəziyyəti o qədər gərginləşir ki, təcridxanadan onu xəstəxanaya belə aparmağa məcbur qalırlar.

Onun şəkər xəstəliyinə tutulması da məhz bu dövrə təsadüf edib. Sürətli olaraq ştah pozuntusu və halsızlıq onu hər ötən gün zəiflədir. Təcridxanada müayinəyə alınaraq yüksək şəkər-deabet xəstəliyinə tutulduğu müəyyən olunur.

Lakin laqeydlik Elgizin şəkərini pik həddə yüksəldir.