HƏMAS-dan Əl-Əqsa üçün kütləvi çağırış

HƏMAS-dan yazılı bəyanat

Fələstin hərəkatı HƏMAS sionist rejimin Ramazan ayının ilk cüməsində işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidində namaz qılmaq istəyən fələstinlilərə tətbiq etdiyi məhdudiyyətlərlə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda bildirilir ki, sionist rejim qüvvələri Əl-Əqsa məscidinə gəlmək istəyənləri qəsdən əngəlləyir, sərt hərbi nəzarət və məhdudiyyətlər tətbiq etməklə ibadət edənlərə təzyiq göstərir. Hərəkat məsciddə ibadət edənlərin sayının 10 min nəfərlə məhdudlaşdırılmasını və girişlərdə “özbaşına tətbiqləri” ibadət azadlığının açıq pozuntusu kimi qiymətləndirib.

 

“Kütləvi şəkildə Əl-Əqsaya axın edin” çağırışı

HƏMAS bütün məhdudiyyətlərə baxmayaraq, Əl-Əqsaya gedə bilən hər kəsi Ramazan ayı ərzində məscidə axın etməyə çağırıb. Bəyanatda vurğulanıb ki, sionist rejimin tətbiq etdiyi maneələr Fələstin xalqının iradəsini sarsıda bilməyəcək.

Hərəkat, həmçinin Qərb Sahilində və Qüdsdə yaşayan fələstinliləri İslam müqəddəs məkanlarının “yəhudiləşdirilməsi planlarının” qarşısını almağa və müsəlmanların Əl-Əqsa üzərində dini və tarixi hüquqlarını qorumağa səsləyib.

 

İşğalçı rejimin tətbiq etdiyi məhdudiyyətlər

Sionist rejim tərəfi isə Ramazan ayı boyunca Şərqi Qüdsün Köhnə Şəhər hissəsində yerləşən Əl-Əqsa məscidində əvvəlki illərdə olduğu kimi məhdudiyyətlərin tətbiq olunacağını əvvəlcədən elan etmişdi.

Qərb Sahilindən cümə namazı üçün yalnız 50 yaşdan yuxarı qadınlara, 55 yaşdan yuxarı kişilərə və onların birinci dərəcəli qohumlarının müşayiəti ilə 12 yaşadək uşaqlara icazə veriləcəyi bildirilib. Ümumi sayın 10 min nəfərlə məhdudlaşdırılacağı qeyd olunub.

İcazə verilən şəxslərin keçidinin Beytüllahimlə Qüds arasındakı 300 nömrəli nəzarət-keçid məntəqəsi və şimaldakı Qalandiya keçidi vasitəsilə həyata keçiriləcəyi açıqlanıb.

Ramazanın ilk cüməsi ərəfəsində Əl-Əqsa məscidi ətrafında vəziyyətin həssas olaraq qaldığı bildirilir. HƏMAS-ın çağırışı və sionist rejimin məhdudiyyətləri fonunda Qüds və Qərb Sahilində gərginliyin artacağı istisna edilmir.

Müşahidəçilər hesab edirlər ki, müqəddəs ayda dini məkanlara girişlə bağlı qərarlar regionda siyasi və təhlükəsizlik baxımından ciddi nəticələr doğura bilər.