Orxan Baxış 30 sutka müddətinə inzibati qaydada həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Orxan Baxış Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bu barədə Qazetçiyə “Müdafiə Xətti” İnsan Hüquqları təşkilatının həmtəsisçisi Zəfər Əhmədov məlumat verib. Zəfər Əhmədov bildirib ki, Orxan Baxış 2 fevral tarixində saxlanılıb. Lakin ondan xəbər almaq mümkün olmayıb: “Ailəsi bu gün öyrənib ki, Orxan Baxış İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələblərinə tabe olmamaq) və 510 (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Hazırda Binəqədi rayonunda yerləşən Müvəqqəti Saxlanma Yerindədir”. Zəfər Əhmədov onun da vurğulayıb ki, Orxan Baxış saxlandıqdan sonra ailəsi ilə əlaqə saxlamasına şərait yaradılmayıb, həmçinin onun dövlət hesabına vəkillə təmin olunub-olunmaması məlum deyil. Yaxınları Orxan Baxışın sosial şəbəkələrdə fəalığına, hakimiyyət nümayəndələrini sərt tənqid etdiyinə görə həbs edildiyini bildirib.
Qeyd edək ki, Orxan Baxış siyasi fəaliyyətinə görə 2018-ci ildə həbs edilib. Beynəlxalq insan hüquqları təşkilatları Orxan Baxışı siyasi məhbus elan edib. 2021-ci ildə əfv əmri ilə azadlığa çıxan Orxan Baxış 2023-cü ilin fevral ayında 30, oktyabr ayında isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.