Tramp Minneapolisdəki atışma ilə bağlı hər şeyi nəzərdən keçirdiyini deyir

Tramp administrasiyası Minneapolisdəki ölümcül atışma ilə bağlı "hər şeyi nəzərdən keçirir və qərar açıqlanacaq". Bunu prezident Donald Tramp yanvarın 25-də "The Wall Street Journal"a müsahibədə deyib.

Prezident immiqrasiya əməkdaşlarının Minneapolisdən çıxarılmasını nəzərdən keçirəcəyini də bildirib.

"Bir məqamda çıxacağıq. Yaxşı işlər görmüşük, onlar da fenomenal iş görüblər. Orada maliyyə fırıldaqları üzrə fərqli adamlar təyin edəcəyik", – Tramp deyib, amma agentlərin nə vaxt gedəcəyi ilə bağlı qrafik açıqlamayıb.

Yanvarın 24-də Minneapolisdə Aleks Pretti adlı şəxs öldürülüb. Bu, yanvarda federal immiqrasiya əməkdaşlarının törətdiyi ikinci belə qətldir.

Tramp administrasiyası Prettinin əməkdaşlara hücum etdiyini, onların özünümüdafiə üçün atəş açmağa məcbur qaldıqlarını bildirib. Amma videogörüntülərdə Prettini bir qrup əməkdaşın saxladığı, ona dəfələrlə atəş açıldığı görünür.

Yanvarın əvvəlində immiqrasiya əməkdaşları 37 yaşlı, üç uşaq anası Rene Qudu güllələyərək qətlə yetirib. Son insidentin immiqrasiya polisinin reydi zamanı baş verdiyi bildirilir. Şahidlərin dediyinə görə, Aleks "qeyri-leqal" əcnəbinin saxlanmasını telefona çəkərkən onu yerə yıxıblar, kürəyindən altı güllə açıblar.

Ötən ilin dekabrından Daxili Təhlükəsizlik Nazirliyi Minnesotada qanunsuz mühacirlərin saxlanması üzrə irimiqyaslı əməliyyat keçirir. Prezident Trampın göstərişi ilə ştata 3 minə yaxın federal agent göndərilib. Minnesota sakinləri onların ştatda olmasına etiraz edirlər.