Ukraynanın müxtəlif bölgələri Rusiyanın raket və dron hücumlarına məruz qalıb, ölən və yaralananlar var

Başda paytaxt Kiyev olmaqla Ukraynanın müxtəlif bölgələri Rusiya ordusu tərəfindən kütləvi raket və PUA hücumuna məruz qalıb.

Kiyevin Qoloseyevski rayonunda qeyri-yaşayış binasına zərbə endirilib və yanğın başlayıb.

Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, Kiyevə hücum nəticəsində hazırda bir nəfərin öldüyü, dörd nəfərin isə yaralandığı təsdiqlənib.

Darnitski rayonunda Rusiya hücumu nəticəsində özəl tibb müəssisəsinə ziyan dəyib: pəncərələr zədələnib, bir nəfər yaralanıb.

Dnepr, Solomyanski, Desnyanski rayonlarında qeyri-yaşayış binasına ziyan dəyib.

Xarkovun Sənaye rayonunda baş verən hücumlar nəticəsində məcburi köçkünlər üçün yataqxanaya, xəstəxanaya və doğum evinə ziyan dəyib.

Hərbi Hava Qüvvələri paytaxta onlarla dron və ballistik raketlərlə hücum barədə məlumat verib.

Kütləvi hücumlar nəticəsində Xarkov vilayətində də 11 nəfərin yaralandığı bildirilir.