Hakimiyyətin qarşı-qarşıya qoyduğu üç məktəb: Milli, Dini və Demokratik institutlar - II hissə

Lakin hakimiyyət demokratiyanı təkcə beynəlxalq təşkilatların hüquqi sənədlərində sanksiyalardan yayınma faktoru kimi qoruyub saxlamır. Demokratiya eyni zamanda bu dəyərə səmimi şəkildə inanmış saf azərbaycanlıların siyasi alətə çevrilməsi yolu ilə manipulyasiya olunur. Bu mexanizm vasitəsilə hakimiyyət milli və dini düşüncə məktəblərini zəiflətmək, onları qarşıdurma və parçalanma vasitəsinə çevirmək məqsədi güdür.

Zamanla “demokratiya” şüarı altında qurulan bu ideal oyunun əsas oyunçusu olan hakimiyyət milli və dini təfəkkürü demokratiyanın qarşısında maneə kimi təqdim etməklə, əslində öz xeyrinə olan bir “müharibəni” ustalıqla idarə etməyə nail oldu. Nəticədə demokratik cəbhənin səmimi tərəfdarları, fərqinə varmadan qatıldıqları bu savaşda, onlara əsarət zənciri vuran və hüquqlarını əlindən alan hakimiyyəti deyil, milli və dini inanclara sahib insanları hədəf seçdilər və onlara qarşı qurulan geniş cəbhənin döyüşçülərinə çevrildilər.

Milli dəyərləri xalqın gələcəyinə və inkişafına vurulan buxov kimi təqdim edən demokratik cəbhə, Qərbə və Avropaya yönəlmiş baxış bucağından çıxış edərək, demokratik düşüncənin əks qütbü kimi gördüyü İslamı da öz qarşısında maneə kimi tanımağa başladı.

Beləliklə, bu dəyərlərə qarşı bütün gücünü səfərbər edən demokratik cəbhə ziddiyyətlərin mərkəzinə düşərək ölkənin əsas güc balansını bir tərəfin digərinə nifrət obyekti halına gətirdi və hakimiyyətin bu vəziyyətdən ustalıqla istifadə etməsinin qurbanına çevrildi. Sadəcə ehtimallar üzərində qurulan bu ədavət, mahiyyət etibarilə yalnız hakimiyyətin maraqlarına xidmət edən, əvvəlcədən düşünülmüş bir planın icrasına çevrildi.

Bu prosesdə, sanki dinsizlik məntiqini tək din olaraq yalnız İslamı hədəfə alan ateizm kimi təqdim edən və böyük tribunalardan nifrət dili yayan çevrələr də səhnəyə məharətlə rəng qatdı. Digər dinləri və düşüncə məktəblərini görməzdən gələn bu ateist yanaşmaların Azərbaycanda ənənəvi İslamı birbaşa hədəfə alması, eyni zamanda Qərbin teist mütəfəkkirlərinin nümunə kimi təqdim edilməsi böhranı daha da dərinləşdirdi və ədavət alovunu körüklədi.

Bu qarşıdurmanın digər tərəfində isə inanc tərəfdarları yer aldı. Onlar da fərqinə varmadan demokratiyanı əxlaqsızlıq, dinsizlik, uşaqbazlıq, narkomaniya və digər “vəhşi azadlıqların” mənbəyi kimi təqdim edən ideyaları, onların əsl müəllifi olan hakimiyyətə deyil, bütövlükdə İslama qarşı yönəlmiş düşmən layihəsi kimi qəbul edərək hədəfə aldılar. Heç vaxt gerçəkləşməsi mümkün olmayan bir təhlükə kimi təqdim edilən demokratiyanı bütün gücləri ilə linç etməyə səfərbər oldular.

İnanclı təbəqə daxilində nifrət alovunu qızışdıran hakimiyyət isə özünü hədəfdən kənarda saxlamaq siyasətində ən ideal üsulu tətbiq etdi: tərəflərin həssas nöqtələrini düşmən obrazı üzərindən ustalıqla yönləndirdi. İnanc azadlığının məhdudlaşdırılmasına real səbəb olan qüvvələr deyil, bu sahədə heç bir səlahiyyəti olmayan, lakin ideoloji məktəblərini daha mütərəqqi və xalqa faydalı hesab edən qruplar hədəfə çevrildi. Bu isə iki tərəfin birgə çıxış yolu tapmaq əvəzinə, bir-birini əsas səbəbkar kimi görməsi ilə nəticələndi.

Nəticədə hər iki cəbhə zəiflədildi və sonda hakimiyyətin onları asanlıqla əzməsinə şərait yaradan bir vəziyyət formalaşdı.

II hissənin sonu