Gültəkin Hacıbəyli Türkiyədə "xarici terrorçu" adı ilə saxlanıldığını deyir

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə "xarici terrorçu" adı ilə saxlanıldığını deyir.

Bu barədə o, "Facebook" səhifəsində dərc edilən müraciətində bildirib. 

Siyasətçinin sözlərinə görə, o, hazırda İstanbulda, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır. 

G.Hacıbəyli xatırladıb ki, o, Türkiyəyə sentyabrın 25-də bu ölkədə təhsil alan oğlunun yanına gəlib və onun bu ölkədə iki illik yaşayış icazəsi var. Buna baxmayaraq, o, noyabrın 29-da polislər tərəfindən adı çəkilən təcridxanaya gətirilib. 

"Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəmdə "ictimai təhlükəsizliyə təhdid yaradan xarici terrorçu"lara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməyim üçün hazırlıq işləri gedir. Bildirirəm ki, bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək", - o qeyd edib. 

G.Hacıbəyli Türkiyə hakimiyyətinə müraciət edərək bildirib ki, "Azərbaycan hakimiyyətinin təzyiqləri ilə belə bir qanunsuz qərar qəbul etməkdən" çəkinsinlər. 

"Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən millət vəkili olmuşam, Azərbaycan müxalifətinin liderlərindən biri kimi hər zaman demokratik, dinc və sivil mübarizə tərəfdarı olmuşam. Bir daha bildirirəm ki, bu günə qədər siyasi fəaliyyətimdə hər hansı qanun pozuntusuna yol verməmişəm və bu gün Azərbaycan hakimiyyətinin təzyiqlərinə görə məni heç bir əsas olmadan G-82 maddəsi ilə “xarici terrorçu” kimi Türkiyədən deportasiya etmək yolverilməzdir. Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub və ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm", - o əlavə edib. 

Siyasətçinin sözlərinə görə, deportasiyası baş tutarsa, bu, "təkcə ona qarşı haqsızlıq olmayacaq, həm də Azərbaycan müxalifətinə qarşı bu gün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək vermək anlamına gələcək". 

G.Hacıbəyli Azərbaycana deportasiya ediləcəyi halda saxta ittihamla həbs olunacağını bildirib və buna görə də Türkiyə hakimiyyətini "belə bir addım atmazdan öncə bir daha düşünməyə" çağırıb.