İsrail-İran gərginliyi fonunda neft qiymətləri də qalxır

İsrail və İran arasında münaqişənin dərinləşdiyi və qlobal neft tədarükünü təhdid etdiyi zamanda neft qiymətləri də bahalaşmağa davam edib və ötən həftədən bəri 7 faiz artıb.

"Brent" markalı xam neftin fyuçers qiymətləri 64 sent və ya 0.86 faiz artaraq bareli 74.87 dollara, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 76 sent və ya 1.04 faiz artaraq 73.74 dollara çatıb.

İsrail həftəsonu İranın neft və qaz infrastrukturuna zərbələr endirib. İyunun 14-ü axşam saatlarında İranın Neft Nazirliyi məlumat yayıb ki, İsrail ölkənin əsas yanacaq anbarına və paytaxt Tehran yaxınlığındakı neft emalı zavoduna zərbələr endirib, ancaq vəziyyətin nəzarətdə olduğu bildirilib.

İsrailin şənbə günü həyata keçirdiyi zərbələr nəticəsində yaranan yanğından sonra İran qonşu Qətərlə paylaşdığı, dünyanın ən böyük qaz yatağı hesab olunan "Cənub Pars"da hasilatı qismən dayandırıb.

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan İran hazırda gündə 3.3 milyon barel neft hasil edir və gündəlik 2 milyon bareldən çox neft və yanacaq ixrac edir.

İran həmçinin Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətinə maneə törətmək barədə gizli təhdidlər edib. Bu boğaz mühüm nəqliyyat yolu sayılır: Səudiyyə Ərəbistanı, Küveyt, İraq və İran neftini Çin və qlobal bazara çatdırmaq üçün bu dar su yolundan asılıdırlar.

Dünyada ümumi neft istehlakının təxminən 1/5-i bu boğazdan keçir.

 

AzadlıqRadiosu