Məhkəmə Trampın “Amerikanın səsi”ni bağlamaq qərarını dayandırıb

ABŞ Federal məhkəməsi Tramp administrasiyasının "Amerikanın Səsi" (VOA), “Azad Asiya Radiosu" və "Yaxın Şərq Yayım Şəbəkələri" kimi hökumət tərəfindən maliyyələşdirilən media qurumlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı qərar çıxarıb.

“Reuters”in xəbərinə görə, məhkəmə bu barədə aprelin 22-də qərar çıxarıb.

Federal dairə hakimi ABŞ Qlobal Media Agentliyinin (USAGM) bağlanmasından təsirlənən işçilər tərəfindən qaldırılan 6 işə baxıb.

Qərara əsasən, işçilər öz vəzifələrinə bərpa edilməli və qurumun yayımının davam etməsi üçün bütün zəruri tədbirlər görülməlidir.

Məhkəmələrdə “Amerikanın Səsi”nin əməkdaşlarını təmsil edən vəkil Endryu Çelli bildirib ki, qərar “mətbuat azadlığının mühüm qələbəsi” oldu.

VOA İkinci Dünya Müharibəsinin qızğın çağında nasist təbliğatı ilə mübarizə aparmaq üçün yaradılıb və böyük beynəlxalq media yayımçısına çevrilib.

USAGM-in 2024-cü ildə təxminən 3 min 500 işçisi və 886 milyon dollar büdcəsi olub.