İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif ölkənin məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsini-Ejeyinin "məsləhəti" ilə istefa verib. Martın 3-də X sosial media hesabındakı paylaşımında Zərif bildirib ki, o, Möhsini-Ejeyi tərəfindən o söhbətə dəvət olunub və bu söhbət zamanı "hökumətə qarşı daha çox təzyiqin qarşısını almaq üçün ona akademiyaya qayıtmaq tövsiyə olunub".

Keçmiş xarici işlər naziri Zərifin islahatçı prezident Məsud Pezeşkian hökumətinə təyinatı aylardır gərginlik mənbəyi idi. Tənqidçiləri iddia ediblər ki, Zərifin ABŞ-də doğulmuş oğulları İran və ABŞ vətəndaşlığına malikdir, buna görə də Zərif hökumətdə belə yüksək vəzifə tuta bilməz.

İrandakı sərt xətt tərəfdarları həmçinin Zərifin həddən artıq çox xarici əlaqələrə sahib olduğunu iddia edir və ona qarşı şübhə ilə yanaşırlar.

M.C.Zərif 2024-cü ilin avqustunda, vəzifəyə gəldikdən cəmi iki həftə sonra da istefa verməyə cəhd etmişdi. O, bu qərarını prezident Pezeşkianla olan fikir ayrılıqları ilə izah etmişdi.

Vitse-prezidentin istefası martın 2-də parlamentdə 182-82 səs çoxluğu ilə vəzifəsindən uzaqlaşdırılan iqtisadiyyat naziri Əbdülnəsir Himmətinin impiçmentindən sonra gəlib.

Bu siyasi təlatümlər ötən ilin iyulunda seçkilərdə qələbəsi ilə ölkəni şoka salan və Qərblə münasibətlərin yaxşılaşacağına ümid verən Pezeşkian üçün növbəti zərbədir.

Bu istefalar İranda artan iqtisadi çətinliklər fonunda əhalinin narazılığının yüksəldiyi bir vaxta təsadüf edir. Enerji resurslarına baxmayaraq, ölkə əhalisinin yarıdan çoxu plandankənar elektrik kəsintisindən əziyyət çəkir.

AFP-nin məlumatına görə, daxili qara bazarda 1 ABŞ dolları 920 min riala dəyişdirilir. Bu, 2024-cü ilin ortalarında 1 dolların 600 min riala bərabər olduğu məzənnədən xeyli yüksəkdir. Rialın dəyərinin düşməsi İranda yaşayış xərclərini daha da artırıb.

Himmətinin impiçment dinləməsi zamanı Pezeşkian parlamentə müraciətlə bildirib: "Biz düşmənlə tammiqyaslı iqtisadi müharibə şəraitindəyik... Müharibə mövqeyi tutmalıyıq. Bu gün cəmiyyətin iqtisadi problemləri tək bir nəfərlə əlaqəli deyil və bütün günahı bir nəfərin üzərinə yıxmaq olmaz".

İqtisadi çətinliklərin böyük hissəsi ABŞ-nin İran iqtisadiyyatına tətbiq etdiyi sanksiyalarla bağlıdır. Prezident Donald Tramp Ağ evə ikinci qayıdışından sonra İrana qarşı "maksimum təzyiq" siyasətini bərpa edib.

Pezeşkian həmçinin millət vəkillərinə deyib ki, o, əvvəlcə Birləşmiş Ştatlarla dialoq qurmaq istəsə də, ali dini lider Əli Xamenei keçən ay Tramp administrasiyası ilə danışıqlara qarşı çıxdıqdan sonra fikrini dəyişib.

M.C.Zərif mötədil keçmiş prezident Həsən Ruhani dövründə İranın xarici işlər naziri olub və İrana qarşı sanksiyaların ləğvinə imkan verən nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb. Eyni zamanda, Zərif İranda insan haqları pozuntularını əsaslandıran açıqlamalarına, hicabın məcburi olmasına və millətçi ifadələrə görə beynəlxalq tənqidlərə məruz qalıb.

 

 

AzadlıqRadiosu