Dövlət Departamenti İsrailə təxminən 2,7 milyard dollar dəyərində aviabombaların satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti İsrailə aviasiya bombaları və onlarla bağlı sistemlərin mümkün satışını təxminən 2,7 milyard dollar dəyərində təsdiqləyib.

Bu barədə xaricə hökumətlərarası müqavilələr çərçivəsində hərbi texnika və silah tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanatda bildirilib ki, İsrail Dövləti daha əvvəl ABŞ-dən 35 mindən çox MK 84 və ya BLU-117 aviasiya bombası, eləcə də 4 min ədəd I-2000 Penetrator döyüş başlığı və bununla bağlı logistik dəstək üçün 2,04 milyard dollar dəyərində sifariş verib.

Bundan əlavə, İsrail ABŞ-dən 201 ədəd MK 83 aviasiya bombası, təxminən 4,8 min BLU-110A/B bombası, həmçinin bir neçə min bomba yönləndirmə kompleksi almaq istəyir. Bu silah və sistemlərin ümumi dəyəri 675,7 milyon dollar təşkil edir.

ABŞ administrasiyası artıq Konqresi silah və avadanlıqların mümkün satışını təsdiqləmək qərarı barədə məlumatlandırıb. Qanunverici orqanın potensial razılaşmanı nəzərdən keçirmək və onu mümkün bloklamaq üçün 30 günü var.