Avropa İttifaqı Ermənistandakı missiyasının mandatını iki il uzadıb

Avropa İttifaqı (Aİ) Ermənistandakı missiyasının (EUMA) mandatını daha iki il müddətinə uzadıb.

Aİ Şurasının yanvarın 30-da yaydığı məlumata görə, İttifaq ölkələri EUMA-nın fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə ediblər. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb.

“EUMA Avropa İttifaqının regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin mühüm tərkib hissəsidir. Missiyanın məqsədi yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, mümkün olduqca Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək verməkdir”, məlumatda bildirilir.

Aİ Şurası həmçinin missiyanın vəzifələrinin dəyişməz olaraq qaldığını bildirib, EUMA-nın silahsız mülki missiya olduğunu və belə də qalacağını əlavə edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan missiyanın mandatının uzadılmasını alqışlayıb.

“Missiya regionda sabitliyin dayaqlarından biri olduğunu sübut edib. Biz hər bir Aİ üzv dövlətinin dəstəyini və iştirakını yüksək qiymətləndiririk”, Mirzoyan X sosial şəbəkəsində yazıb.

Rəsmi Bakı qərarla bağlı hələlik hər hansı reaksiya verməsə də, Azərbaycanın hökumətyönlü mediasında dərc edilən yazılarda missiyanın mandatının uzadılması ilə bağlı qərar tənqid edilir.

Azərbaycanlı rəsmilər əvvəlki çıxışlarında EUMA-nın bölgədə vəziyyəti gərginləşdirməyə xidmət etdiyini və “Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu”nu vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində Aİ-nin missiyasının müddətinin uzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığını vurğulayıb.

“Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”, Əliyev deyib.

Aİ-nin Ermənistan-Azərbaycan sərhəd bölgəsinə ilk müşahidə missiyası Azərbaycanın da razılığı ilə 2022-ci ilin oktyabrında iki aylıq müddətə göndərilib. Brüssel müşahidə missiyasının sərhədin Azərbaycan hissəsinə yerləşdirilməsini təklif etsə də, Bakı bunu rədd edib. Bakı həmçinin missiyanın mandatın uzadılması ilə bağlı təklifləri də rədd edib.

2022-ci ilin dekabrında Ermənistanın xarici işlər naziri Avropa İttifaqını bu ölkəyə mülki missiya göndərməyə dəvət edib. Aİ Şurası 2023-cü ilin yanvarında Yerevanın dəvətinə müsbət cavab verib və Aİ-nin Ermənistandakı missiyası 2023-cü il fevralın 20-də hazırkı iki illik mandatına başlayıb.

Aİ missiyanın məqsədinin bölgədə sabitliyə və etimad quruculuğuna töhfə vermək, Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etmək olduğunu qeyd edib.

 

Amerikanın Səsi