İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə də “Münacat”adlı cümə söhbətini davam etdirib

Hacı Ramil Bədəlov silsiləvi cümə xütbəsini bu həftə də sosial media üzərindən davam etdirib. İlahiyyatçı ötən həftə başlatdıqı “Münacat” mövzusunu bu cümə genişləndirib. O, münacatın insan həyatında əhəmiyyətinə toxunaraq bunu insan ruhunun ehtiyacı olaraq dəyərləndirib.

“Münacat bəndənin Allah ilə arasında xüsusi söhbət mövzusudur. Bəşər Allahın bəndələrinə xüsusi nəzərindən fərqli olaraq özünə xüsusi nəzər arzusundadır. Bu ruhun ehtiyacı ilə yanaşı insanın təkamül amilidir. Duanın oxunması istənildiyi halda münacatın edilməsi onun fərqli, dua edilməsindən daha xüsusi, eyni halda əhəmiyyətli rolunu göstərir.

Münacat təkcə sənin Onunla pıçıltın deyil, eyni halda Onun da səninlə pıçıltısıdır. İkinizə aid olan pıçıltını duadan fərqləndirən özəllikdə budur. Dua hamının etdiyi eyni formaya məxsus çağırışlar olduğu halda münacat tam sənin daxilini alışdıran şəxsin düşüncə və hisslərindir. Eyniliklə burada cavablamaq da qarşı tərəfin elə fərdi, şəxsi yanaşmasına, istəklərinə müvafiq olduğu üçün gözəl və səmimidir.

Təbii ki, münacat özəl dəyərə malik olmaqla yanaşı, çox çətin də əldə olunan bir hissdir. Ola bilər ki, hər bir fərd Allaha münacat edib onunla həmsöhbət olsun. Lakin hər münacata qarşılıq, Allahın bəndəsi ilə həmsöhbət olması deyiləcək qədər asan deyil. Hədisdə bunun mərhələləri haqqında maraqlı yanaşma mövcuddur.

Allah onunla münacata, fərdi pıçıltının alınmasına bir neçə şərt müəyyən edir. Bu şərtlər yerində, lazımı nəticə əldə etdikdən sonra Allahın da bəndəsi ilə münacati, qarşılıqlı pıçıltısı baş verir. Hədis buyurur ki, kim Allahın razılığı üçün yaşasa ona 3 neməti əta olunar. Onlardan:

1. Allah ona hər zaman nemətə şükür edən hal bəxş edilər. Həyatında hər növ maddi və mənəvi nemətlər onu şükür halından saxlamaz. O, qəti olaraq məstliyə düçar olmaz.

2. Ona daim Allahı yad edəcək zikr əta olunar.

3. Bəndə və Allah arasında türənməz sevgi ilə mükafatlanar.

Bütün bunlardan sonra Allah Özünün həqiqi mükafatıni əta edər ki, bu mükafat münacatdır. Allah buyurur ki, bütün bunlardan sonra təkcə o yox, Mən də onunla münacat edərəm. Bəndənin qeyd edilən halı həqiqi münacatın baş vermə amilidir. Ona bilər ki, bir bəndə Rəbbi ilə münücata qalxsın və bu həqiqətən də gözəl və dəyərləndirilməli haldır. Eyni halda münacatın zirvəsi olaraq qarşılıq, Rəbbin də pıçıltısı, münacat etməsi qeyd edilən mərhələlərdən keçən münacatın nəhayətidir.”

İlahiyyatçı münacat üçün edilən tövsiyələrə diqqət yönəldərək onlardan ən başlıca olaraq vaxtı qiymətləndirdi. Münacat üçün ayırılan vaxt müddətində insanın heç bir işlə məşğul olmadan münacata yönəlməsi ilkin mərhələdir. Burada təkcə vaxt deyil, eyni halda qəlbin yönəlməsi də xüsusi olaraq nəzərdə tutulur.

Münacat mövzusunun ardını növbəti cümə davam edəcəyini söylərək ilahiyyatçı bol-bol dualar etdi və bununlada o, bu həftəlik cümə moizəsini bitirdi.