Azərbaycana məxsus 3 gəminin saxlanılması ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib

Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.

Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.

O qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub: "Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib".

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını bildirib.

Məlumat üçün deyək ki, saxlanılan 3 gəmi Azərbaycan bayrağı altında üzür.

 

 

APA