26 noyabr Nardaran hadisələri - Saxta broşür

Nardaran hadisələri zamanı diqqət çəkən və istintaq işinə daxil edilən dəlillərdən biri də güya hadisə yerindən götürülmüş broşür idi. Sonradan sayı 200-ə yaxınlaşan “Nardaran işi” qurbanlarının bəzilərinin evlərində aparılan axtarışlar zamanı da eyni broşürlər müəyyən edilərək “götürülmüşdü”. Həqiqətdə belə bir broşürün olub olmaması, onun hansı məzmuna malikliyi bu məsələdə qəribə və ziddiyyətli nöqtəyə diqqət çəkir. Elə bir məsələ ki, onu araşdırdıqca broşürün həqiqətən kimin imzası ilə hazırlanması bəlli olur.
Öncə broşürdə yer alan fikirlərə nəzər salaq: “Biz əqidəmiz üçün bu mübarizəyə başladıq. Bu addım İmam Hüseynin pak yoludur ki, bizlər də bu yolda irəliyə gedəcəyik. Hər kəsin boynunda vəzifədir ki, bu zalımlarla sona qədər vuruşsun. Sizdən Nardaran şəhidlərinin, yaralılarımızın qisasını almanızı istəyirəm. Mütləq qisas alınmalıdır. Tökülən pak qanlar naminə biz bu rejimi məhv etməliyik...”
Broşürun sonrakı sətirləri də belədir. Əlbəttə, ilk sətirlərin din, Allah, İmam Hüseyn kimi adlarla başlaması dini məlumatsız olan və o dövr üçün medianın yaratdığı ajatajlar müqabilində təsir yaradacağı şübhəsiz idi.
Elə məsələnin çətin tərəfi də budur ki, təsirə salınmaq, ona hər növ yalanı doğru adından sırımaq üçün ən gözəl fürsətdir. Din, Allah təsiri Nardaran və inanclıların etirazı ilə üst-üstə və qulağa rahat axımlıdır. Bundan əlavə, Hacı Tale Bağırzadənin İranın Qum şəhərində təhsil alması, böyük şiə müctəhidinə ehtiram göstərməsi zatən şiə əqidəsi ilə o dövrdə aşkar mübarizə aparan XəzərTv kimi kanalların əlində ən gözəl fürsət idi.
Bütün bunlar broşürün xalqdan istintaq sənədi olaraq gizlədilən sonuncu hissəsi, yaradılan əlavə təsirlər səbəbindən görülmədən qəbul olundu. Nəticədə medianın aldadıcı toru insanların həqiqətdən kənar, güya Tale Bağırzadənin tərəfdarları arasında qarşıdurmaya çağıran broşürlər yayması kimi cəfəng düşüncələri inandırıcı etdi.
Sonrakı dövrlər, əsasən, məhkəmə gedişində vəkillik statusları hakimiyyətin hədəfinə gələrək ləğv edilən Yalçın İmanovların sayəsində həqiqəti aydınlatsa da, lakin xalqın beyninə doldurulan yalanlar bu həqiqətlərin eşidilməsi üçün yetərli olmadı.
Broşürün sətirləri kiçik diqqətlə bunu hansısa dövlət orqanının zirzəmisində olduqca naşı formada hazırlandığını göstərirdi. Zatən əldə olunan vaxtın məhdudluğunun da bu işdə göstərdiyi təsir broşürdə olduqca böyük nöqsanlara yol açdı ki, onun ifşası zamanla asanlaşdı.
Broşürün sonrakı sətirləri hansısa qisas, Nardaranda öldürülən şəhdilər, yaralılar, hakimiyyətə qarşı qana-qan tələbi ilə qeydlər yer alarkən belə bir sual həmən insanın ağlına gəlir: Görəsən, Tale Bağırzadə haradan bilə bilərdi ki, bu işdə bu qədər ölən və yaralanan olacaq? Ehtimal versək ki, o, bunu fərz edirdi, növbəti bir sual da maraq doğuracaq ki, onun qisasa dəvət etdiyi insanlardan heç olmasa biri ona hansı qisasdan söz açdığını soruşmalı idi. Hətta “biz şəhid qardaşlarımızın qisasını almalıyıq” söyləməsi birmənalı hər kəsdə “hansı şəhid qardaşı” sualını yaradacağı şübhəsiz idi.
Nardaran hadisəsindən sonra çərçivənin böyüməsi, naşı əməliyyat bu işin ört-basdır etməsini tələb edirdi ki, hakimiyyətin hansısa idarəsinə verilən göstəriş qeyd edilən broşürü Nardaran hadisəsindən bir gün sonra hazırlayıb ortaya qoydu. Lakin göründüyü kimi, məzmunsuz və yanlışlıqlarla dolu.
Nəticə etibarilə məhkəmə salonlarından başlanan broşür ifşası Nardaran hadisəsinin hakimiyyət tərəfindən hazırlanmış və uğursuz icrasına bir nümunə oldu.