COP 29-un Azərbaycanda keçirildiyi günlərdə iqlim çalışmaları ilə paralel Azərbaycandakı siyasi məhbuslara da beynəlxalq diqqət xeyli artmışdı. Azərbaycandakı repressiyalara biganə qalmayan, 319 azərbaycanlı siyasi məhbusun azad edilməsi üçün səsini ucaldan beynəlxalq hüquq müdafiə təşkilatlarına, jurnalistlərə, siyasi və ictimai xadimlərə təşəkkür edirik.
Ancaq COP 29 başa çatdıqdan sonra da demokratik dünya ictimaiyyəti azərbaycanlı siyasi məhbusları Əliyev rejimi ilə təkbətək buraxmamalıdır. Hazırda dünyada əhalisinin hər milyon nəfərinə 30 nəfərdən artıq siyasi məhbusu olan çox az sayda ölkə var. Həmin o azsaylı sərt repressiv hakimiyyətlərin biri Azərbaycandadır.
Əlbəttə, fərqindəyik ki, azərbaycanlı siyasi məhbusların azadlığı uğrunda mübarizə aparmaq da, onların xilasına nail olmaq da, ən əsası, ölkəmizdə demokratiyanı və hüququn aliliyini təmin etmək də ilk növbədə biz azərbaycanlıların vəzifəsidir. Ona görə də bütün çətinlik və risqlərə baxmayaraq, xalqımız İlham Əliyev rejimi ilə mübarizəni bir gün də dayandırmır. Apardığımız mübarizənin bir gün Vətənimizdə azadlıqları, insan hüquq və azadlıqlarını bərqərar edəcəyinə qəti əminəm. Ancaq onu da açıq ifadə etmək istəyirəm ki, xalqımızın dünyadakı bütün gerçək demokratik, proqressiv qüvvələrdən, azad mətbuatdan da gözləntisi var. Azərbaycanın avtoritar rejimi ilə çətin mübarizə aparan xalqımız dünyanın demokratik qüvvələrinin və fərdlərinin mənəvi - siyasi dəstəyini hər gün - COP 29 başa çatdıqdan sonra da görmək, hiss etmək istəyir.
Fotoplakatda Azərbaycandakı siyasi məhbusların yalnız bir qismi əks olunub. Tofiq Yaqublu başda olmaqla, bütün siyasi məhbuslara azadlıq tələb edirik!
Əli Kərimli
AXCP sədri
Azərbaycanlı siyasi məhbuslar COP 29 başa çatdıqdan sonra da dünyanın diqqətində qalmalıdır