AXCP fəalı həbsxanada aclığa başlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev oktyabrın 30-da saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəndə aclığa başlayıb. O COP29 konfransı ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmamasına etiraz edir.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Amerikanın Səsinə bildiriblər.

Zamin Salayevin həyat yoldaşı Səidə Salayeva Amerikanın Səsinə deyib ki, o Zaminlə telefonla danışıb.

“Zamin bildirdi ki, aclığa başlayıb. Onun səhhəti ağır olduğundan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Zaminin ürəyində və qara ciyərində ciddi problemlər var. Təngənəfəs olur, nəfəs ala bilmir, ayaqları şişib, yeriyə bilmir”, o qeyd edib.

Zamin Salayev həyat yoldaşına deyib ki, aclığı sonadək davam etdirəcək.

Öz növbəsində Penitensiar Xidmətin Müalicə müəsisəsindən Salayevin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə təqsirli bilinib. 2023-cü il mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və bundan öncə məhkəmə hökmünə etiraz olaraq 114 gün aclıq edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.