MBH üzvü Elnur Cəfərova hökm oxundu

Sentyabrın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsi inanclı Elnur Cəfərova hökm oxuyub. Məhkəmədə hakim Dadaş İmanov inanclının ittiham olunduğu maddə ilə bağlı tərəflərin təqdim etdiyi dəlil və sübutlara baxıb. Müdafiə tərəfin inanclının sağlam həyat tərzi sürməsini misal göstərməklə yanaşı, məhkəmə dövrü üçün ittiham tərəfin təqdim etdiyi sübutların da yetərli olmamasına diqqət çəkib.

İttiham tərəfi isə protokolda əsaslandırılan və məhkəmədə şahid qismində iştirak edən polislərin izahatları ilə inanclının ittiham aktında qeyd edilən maddədə cinayətinin sübutuna əsaslı dəlillər olduğunu söyləyərək Elnur Cəfərovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini hakimdən istəyib.

Hakim Elnur Cəfərov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotikə vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına nəzərdən keçirərək, məhkəmə dövrləri dövlət ittihamçısının təqdim etdiyi sübutlar və müdafiə tərəfinin qaldırdığı əsasları araşdırdığını bildirərək, müttəhimin işinin 234.4.3-cü maddəyə uyğun dəlil sübutların olmaması səbəbindən maddəni 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək, onu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Elnur Cəfərov 2023-cü ilin 25 yanvarda saxlanılıb. O, hal-hazırda 78 üzvünün həbs həyatı yaşadığı Müsəlman Birliyi Hərəkatının (MBH) üzvüdür. Saxlanılan hərəkat üzvülərindən 62 nəfəri artıq həbs həyatı yaşayır, digər 16 nəfəri isə istintaq və məhkəmə dövrünü sürərək, şübhəli şəxs qismində narkotiklərlə bağlı ittiham olunurlar.