Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaların artırılmasını müzakirə edib

İyulun 15-də Azərbaycan və Çin Orta Dəhliz üzrə yükdaşımaların artırılmasını müzakirə edib.

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir ki, ADY sədri Rövşən Rüstəmovla “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudenin Bakıda keçirilən görüşündə son aylarda Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə hər iki ölkənin dəmir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər qeyd edib ki, iyulun 3-də Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Çin arasında imzalanmış "Birgə Bəyannamə" ilə beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması baxımından əməkdaşlıq daha da gücləndiriləcək.

“Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib. Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması, o cümlədən daha çox konteyner qatarının cəlb olunması üçün Azərbaycan üzrə dəmiryol nəqliyyatı ilə tranzit daşımalara subsidiyaların ayrılması, elecə də Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş istifadə olunması müzakirə olunub”, məlumatda qeyd edilir.

Görüşdə, həmçinin Orta Dəhlizlə keçən yüklərin çatdırılma müddətinin səmərəliliyinin və operativliyinin artırılması üçün blok qatarların tərkibində olan yüklər haqqında qısa deklarasiyanın təqdim edilməsi və gömrük nəzarəti zamanı yük sənədlərinin formalaşdırılma vaxtının sürətləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. Ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65 faiz və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.

 

Amerikanın Səsi