Britaniya Ali Məhkəməsi fevralın 22-də Azərbaycan millət vəkili Cavanşir Feyziyev və onun arvadının Londonda qanunsuz yolla əldə olunmuş pullarla alınmasından şübhələrə görə dondurulmuş 22 daşınmaz əmlakı ilə bağlı məsələyə baxılmasına başlayıb.
Ümumilikdə 39.5 milyon funt sterlinqə (50 milyon dollar) alınmış bu mülklər Ali Məhkəmənin 23 iyun 2023-cü il tarixli hökmünün ardınca dondurulmuşdu.
Bundan əvvəl Cavanşir Feyziyevin ailəsi Milli Cinayət Agentliyinin diqqətini bank hesablarında milyonlarla funt sterlinq vəsaitin olması ilə cəlb etmişdi. Agentlik iddia edirdi ki, bu vəsaitlər bank hesablarına OCCRP-nin 2017-ci ildə aşkar etdiyi və “Azərbaycanın pulyuyan maşını” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə gəlib.
2022-ci ildə Birləşmiş Krallıq həmin pulların 5.6 milyon funt sterlinqini (7.56 milyon dollar) müsadirə etmişdi. Müsadirə olunan vəsait Cavanşir Feyziyevin arvadının, oğlu Orxanın və qohumu Elman Cavanşirin bank hesablarında idi.
Milli Cinayət Agentliyi bildirirdi ki, Feyziyev və arvadının aldıqları mülklər onların çirkli pulların yuyulmasından alınan vəsaitlərlə əldə olunduğuna dair “güclü dəlillər” olduğuna görə dondurulmuşdu.
Əmlakın dondurulması onun satılmasını və ya başqa ada keçirilməsini mümkünsüz edir.
MeydanTV
Britaniya məhkəməsi Cavanşir Feyziyevin dondurulmuş əmlak məsələsinə baxacaq