Rusiyanın Ukraynaya hücumu zamanı ümumi itki sayının 500,000 nəfər olduğu təxmin edilir

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Rusiyanın Ukrayanaya qarşı 2022-ci ilin fevralında başlayan hərbi təcavüzü müddətində hər iki tərəfdən ölən və yaralanan hərbçilərin sayı 500,000 nəfərə yaxındır. Bu barədə New York Times qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən bildirib.

Qəzet bildirir ki, rəsmilər rəqəmlərin dəqiq olmaması ilə bağlı xəbərdarlıq edirlər. Belə ki, Moskvanın həlak olan və xəsarət alanlarla bağlı məlumatları daima azaltdığı düşünülür, Kyiv isə rəsmi rəqəmləri ümumiyyətlə açıqlamır.

Buna baxmayaraq, qəzetin hesablamalarına görə, Rusiyanın hərbi itkiləri 300,000 rəqəminə çatmaqdadır. Bura 120,000 ölü və 170,000-180,000 arası yaralı daxildir. Ukrayna ordusunda həlak olanların sayı 70,000, yaralananların isə 100,000-120,000 arası olduğu təxmin edilir.

New York Times qəzeti rəsmini sitat gətirərək, itkilərin sayının bu həftə - Ukraynanın əks-hücuma başlaması ilə artdığını bildirir.

Ukrayna ordusu avqustun 17-də Rusiya qoşunlarına qarşı cənub-şərq cəbhəsində əks-hücum əməliyyatında bəzi ərazilərin geri alındığı haqda məlumat verib. Kyiv qoşunlarının Azov dənizindən 90 kilometr şimalda və Rusiyanın nəzarət etdiyi Donetsk şəhərindən 100 kilometr qərbdə yerləşən Urajayne şəhərini geri aldığını bildirib.

Bu irəliləyiş Azov Dənizi istiqamətində yolun bir hissəsidir, o cümlədən Krım və Donbas ərazilərində yerləşən Rusiya qoşunlarının bölünməsi cəhdidir.

Lakin Kyiv bildirir ki, əks-hücum irəliləyişi Rusiya minaları və möhkəmləndirilmiş müdafiə xətlərinə görə ümid etdiklərindən daha yavaş baş verir.