AXCP sədri Əli Kərimli Fuad Qəhrəmanlının istefasını qəbul edib.
Bunu Əli Kərimli sentyabrın 25-də Meydan.tv-yə müsahibəsində deyib.
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan sentyabrın 20-də istefa verib. Həmin gün o bəyan edib ki, qızı Selcan Yağmurun sosial şəbəkədə yaydığı açıqlamasından bəziləri AXCP-yə hücum məqsədilə yararlanır.
Niderlandda ali təhsil alan Selcan açıqlamasını feysbuk səhifəsində sentyabrın 19-da yayıb. Açıqlamasında o, atasının çoxdandır ailədə qəddar davrandığını, anasına, ona və bacısı Sənaya fiziki təzyiq göstərdiyini bildirib. Daha sonra Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı-publisist Zümrüd Yağmurun boşanmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb.
Sentyabrın 25-də Meydan.tv-nin efirində Əli Kərimli deyib: "Sözügedən məsələlər açıqlanandan, ictimaiyyətin gündəminə çıxarılandan sonra Fuad bəy hesab etdi ki, baş verənlər partiya ilə birbaşa əlaqələndirilir. Fuad Qəhrəmanlı partiyada önəmli funksionerlərdən biridir. Ona görə də istefa qərarını verdi. Mən də hesab elədim ki, onun istefa qərarı düzgündür və dərhal istefanı qəbul etdim”.
1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Fuad Qəhrəmanlı 2000-ci ildən AXCP Ali Məclisində, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətində təmsil edilib, 2009-cu ildə AXCP sədrinin müavini postuna təyinat alıb.
Əli Kərimli: "Fuad Qəhrəmanlının istefasını dərhal qəbul etdim”
Oxşar xəbərlər