“Mir Mövsüm Ağa” ziyarətgahı - VİDEO

Azərbaycan inanclısı üçün müqəddəs məkanlardan biri olan “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi. Bakının Şüvəlan qəsəbəsində “qədim qəbiristan” deyilən ərazidə salınan kompleksin mərkəzində Ağa Seyidəli Mir Abutalıb oğlu Mir Mövsümzadənin məzarı yerləşən türbə var. Elə ziyarətgah da buna görə “Mir Mövsüm Ağa” ziyarətgahı adlanır. Xalq arasında “Ətağa” adı ilə məşhurlaşmış Ağa Seyidəli Mir Mövsümzadə hələ sağlığında əfsanəvi nüfuza malik olur. İnsanlar onunla görüşməklə təskinlik, inam, mənəvi rahatlıq əldə edə bilir. Həyatında yaşanan mənəvi təsir insanlara, onun dünyasını dəyişməsindən sonra da aşılanır. Elə buna görə də sonsuz insan kütləsi günün istənilən vaxtında ziyarətgahı öz sevgisi ilə ağuşuna alır. Bu isə təbii ki, təsadüfi deyil.
Seyidəli Mir Mövsümzadə 1883-cü ildə Bakıda doğulur. O, fiziki qüsurlu dünyaya gəlsə də, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu müşahidə edir. Bir çox xəstəliklərdən əziyyət çəkən şəxsə Seyid əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Onun bu qeyri adiliyi Seyidi elə uşaq vaxtlarından hər kəsin sevimlisi, ümid qapısına çevirir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona “Mir Mövsüm Ağa” deyə müraciət etməyə başlayırlar. 40 yaşına qədər Seyidəli yeriyə və otura bilir. Amma kalsium çatışmazlığına görə çətinlik getdikcə onu bu imkanlardan məhrum edir. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi 3 ünvanında yaşayır. Sağlığından günümüzə qədər bu ünvan “Mir Mövsüm Ağa” ziyarətgahı kimi tanınır. 1950-ci ildə Mir Mövsüm Ağa dünyasını dəyişir. Onu Şüvəlanda, hazırda ziyarətgaha çevrilən məkanda torpağa tapşırırlar. Həmin dövrdə Sovet rejiminin qadağalarına baxmayaraq, xalq onu böyük izdihamla dəfn edir, xatirəsini həmişə yüksək tutur. Təbii Sovetlər dönəmi xüsusi ziyarətgahın tikilməsinə icazə verilmir. Lakin Seyyidə olan sonsuz sevgi və inam çox çətin də olsa kiçik bir məqbərənin ucaldılması ilə nəticələnir. Bununla belə bu pak məkan həmişə Əhli-beytə (ə) eşqi olan xalqın diqqət mərkəzində olur. Sovetlərin dağılmasından sonra dinə dönüş bu məkanı da canlandırır. Ağanın məzarı üstündə kiçik məqbərə 1992-ci ildə yeni tikili ilə əvəz olunmağa başlayır. Möhtəşəm və əzəmətli abidə Şərq arxitekturasına müvafiqdir. Kompleks qəbristan ərazisində yerləşdiyi üçün burada, demək olar ki, texnikadan istifadə edilmir, bütün işlər əl əməyi ilə görülür. İki il ərzində ucalan ziyarətgahın iç sahəsi 12x4,5 metr olub, giriş və çıxış qapıların əhatəsindədir. Məzarın yerləşdiyi sərdabənin hündürlüyü isə 10 metrdir. Ziyarətgah başdan-başa güzgülərlə işlənib. Burada möminlərin ibadəti üçün məscid, habelə kimsəsiz uşaqlara yardım məqsədilə yeməkxana tikililmişdir. Buradakı bütün tikinti işləri, ziyarətgahın öz işçiləri tərəfindən həyata keçirilir. Tikintiyə sərf olunan vəsait isə bilavasitə ziyarətgaha gələn insanların iyanələri hesabına əldə edilir.