Məhkəmələr azadlıq hüququnu pul qarşılığında satır - 1 ay üçün 500 AZN

Həbsdə olan siyasi məhbus Razi Hümbətov cəzaçəkmə müəssisələrində baş verən neqativ hallarla bağlı açıqlama verib. O, şərti azadlığa çıxmaq üçün tələb olunan rüşvət məbləğlərini ifşa edib və inanc əsasında fəaliyyət göstərən məhbuslar üzərində tətbiq olunan “pul siyasəti”nin qanunlara zidd olduğunu bildirib.
Razi Hümbətov qeyd edib:
“Azərbaycan polisi bizi şərləyərək həbs etsə də, məhkəmələr haqqımızda ədalətsiz qərarlar versə də, biz qanunun aliliyinə olan inamımızı itirmədən hüquqlarımızdan istifadə etməyə və haqqı təbliğ etməyə davam edəcəyik.”
O, Cinayət Məcəlləsinin 76-cı, Cinayət-Prosessual Məcəllənin 513-cü, eləcə də Cəzaların İcrası Məcəlləsinin 70-ci maddələrinə əsasən məhkumların vaxtından əvvəl şərti azad edilmə, yaxud cəzanın çəkilməmiş hissəsinin yüngül cəza ilə əvəz olunması hüququna malik olduğunu xatırladıb.
“Biz sadəcə qanunun bizə verdiyi bu hüquqdan istifadə edib, haqqımız olan azadlığa qovuşmaq istəyirik. Lakin "Azərbaycanda siyasi məhbus yoxdur" deyən hakimiyyət, məhkəmələrə təzyiq göstərərək bizi bu hüquqlardan məhrum etməyə davam edir,” - deyə Hümbətov vurğulayıb.
Onun sözlərinə görə, bu vəziyyət təkcə siyasi məhbuslara deyil, adi məhkumlara da aiddir.
“Məhkəmələr azadlıq hüququnu pul qarşılığında satır - 1 ay üçün 500 manat. Onların müəyyən etdiyi qaydalara görə, bu hüquqdan yalnız cəza müddəti 2 ildən az olan məhkumlar yararlana bilər.”
Siyasi məhbus sonda əlavə edib:
“Məhkəmə dövlətin ədalət tərəzisidir. Bu tərəzidə ağır gəlməli olan qanunlar olmalıdır. Təəssüf ki, bu sistemdə həmişə pul daha ağır gəlir.”