Məhkəmə “Kanal 13” internet televiziyasının rəhbəri barədə üç ay həbs qətimkan tədbiri seçib

Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Bakının Səbail rayon Polis İdarəsi tərəfindən Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) cinayət işi açılıb.

Jurnalist noyabrın 27-də saxlanılıb. O, Bakının Səbail rayonunda “20-ci Sahə” adlandırılan ərazidə dövlətə məxsus torpaq sahəsində tikili aparmaqda günahlandırılır. Lakin jurnalist həmin torpaq sahəsini etibarnamə ilə başqa vətəndaşdan alıb.

“Əziz Orucov məhkəmədə ittihamı qəbul etmədiyini, onun jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirdi. Dedi ki, həmin ərazidə minlərə səndəsiz tikili var, ölkədə isə bir miyona qədər sənədsiz tikili var. Deməli onların hamsısna qarşı cinayət işi qaldırılmalıdır?” vəkil Aqil Layıc jurnalistə istinadən Amerikanın Səsinə bildirib.

Vəkil deyib ki, polisin iddasına görə bu ilin martında 11 nəfər vətəndaş guya jurnalistdən şikayət edib.

“Hansı ki, tikili olan torpaq sahəsinin şikayətçilərə hər hansı aidiyyatı yoxdur. Torpaq sahəsi dövlət mülkiyyətində olduğundan iddiaçı kimi dövlət mülki qaydada çıxış edə bilər. Burada isə cinayət tərkibi yoxdur. Məhkəmə yarımçıq tikilinin sökülməsi barədə qərar qəbul edərdi və bununla da problem həllini tapardı”, o qeyd edib.

Aqil Layıc məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Rəsmi qurumlardan jurnalistin saxlanılması, evində və ofisində aparılan axtarışla bağlı hələ münasibət öyrənmək mümkün olmayıb.

Axtarış və həbs bəzi media vasitələrində Avropa və ABŞ təşkilatlarından ölkəyə gətirilən qrantların qanunsuz olması ilə bağlı yazıların dərcindən və “Abzas Media” internet dərgisinin direktoru, direktor müavini və baş redaktorunun həbsindən sonraya təsadüf edir.

Bundan öncə Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə saxlanılıb, 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq qanunsuz sahibkarlıq üzrə ittihamı Orucovun üzərindən götürüb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ittihamı isə daha yumşaq ittihama tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

“Kanal 13” Azərbaycanda ilk İnternet televiyalardandır. 2008-ci ilin 10 oktyabrından yayımlanır. Bu kanalın bir milyondan çox abunəçisi olduğu bildirilir.

 

Amerikanın Səsi