Livan Hizbullahı ilk dəfə Təl-Əvivdə müdafiə nazirliyinin qərargahını vurub

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, dünən Livan Hizbullahı ilk dəfə Təl-Əvivdə İsrailin müdafiə nazirliyinin qərargahını PUA və raketlərdə dəqiqliklə vurduğunu açıqlayıb.

Bu barədə hərəkatın bəyanatında deyilir.

Məlumata görə, tarixində ilk dəfə və eyni gündə ikinci dəfə olaraq Livan Hizbullahı İsrail Baş Qərargahı, Müharibə İdarəetmə Otağı və digərlərinin yer aldığı Əl-Kiryah bazasını hədəf alıb. Bundan başqa müqavimət gücləri hərbi məqsədlər üçün silah və silah sistemləri istehsal edən “Military Weapons Industries Company” şirkətini dəqiqliklə vurub.

Bundan başqa Livan Hizbullahı Təl-Əvivin yaxınlığında yerləşən 8200 saylı Hərbi Kəşfiyyat Bölməsinin qərargahı olan Glilot bazasını, Ramim batalyonunun qərargahını, şimal bölgəsindəki nəqliyyat birləşmə  və döyüş hazırlığının mərkəzi qovşağı olan Amos bazasını,  Nəhariyyə şəhərinin şərqində yerləşən 146-cı Diviziya üçün logistika bazasını PUA və raketlərlə hədəf alıb.

Livan Hizbullahı video yayımlayaraq bildirib ki, bu yaxınlarda Təl-Əvivi hədəf almaq üçün istifadə etdiyi Fadi 6 raketi yer-yer tipli taktiki raketdir. Hərəkatının yaydığı videoya əsasən, bu raket 225 km mənzilə və 140 kq ağırlığında partlayıcı döyüş başlığına malikdir. Qeyd olunur ki, Fadi 6 raketi Livan islami müqavimətinin mühəndisləri tərəfindən hazırlanıb və bərk yanacaqdan istifadə edir.