İsrailli məhbusların qohumları: “Netanyahu, səni mühakimə edəcəklər!”

Qəzza zolağındakı israilli məhbusların qohumları və minlərlə insan Təl-Əvivdə Müdafiə Nazirliyinin binası ətrafına toplaşaraq HƏMAS ilə atəşkəs və əsir mübadiləsi sazişinin davam etdirilməsini və hökumətin istefasını tələb ediblər, The Times of Israel xəbər verir.

Burada nümayişçilərə müraciət edən israilli məhbus İtzik Elqaratın qardaşı Denni Elqarat “Netanyahu, sizi xalqınıza qarşı törətdiyiniz cinayətlərə görə mühakimə edəcəyik” deyib.

İsrailli məhbusları taleyinə buraxmaqda günahlandırdıqları Netanyahunun rəhbərlik etdiyi hökuməti devirmək üçün hərəkətə keçdiklərini deyən Elqarat, "Bu gün burada gördüyünüz bir qiyamdır" deyə bildirib.

Cəmiyyətin bütün təbəqələrini "qiyama qoşulmağa" çağıran Elqarat: "Bütün ticarət mərkəzlərinin, bankların, texnologiya şirkətlərinin kepenklərini aşağı salın. Gəlin ölkəni xilas edin. Ölkənin taleyi məhbusların həyatından asılıdır" deyib.

Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşmasının ikinci mərhələsində azad edilməli olan əsir düşən əsgərlərdən biri olan Matan Angrestin xalası Meirav Angrest Rahamim, Netanyahunun qardaşı oğluna “əsirlikdə tərk edilmiş üçüncü dərəcəli vətəndaş” kimi davrandığını söyləyib.

Rahamim Netanyahu və hökumətini imzaladığı müqavilənin ikinci mərhələsi əvəzinə “müharibənin növbəti mərhələsini başlatmağa çalışmaqda” ittiham edib.

İsrailli məhbusların qohumları Netanyahunu Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasını sabotaj etməkdə və ikinci mərhələ danışıqlarının başlanmasını qəsdən gecikdirməkdə ittiham edirlər.