Hicab problemi-rəsmilər susur, gərginlik isə artır

Orta məktəblərdə hicabla şagirdlərin təhsil alması problemi müstəqilliyin ilk illərindən günümüzə daşınan münaqişələrdən biridir. Azərbaycan suverenliyini qazananda hər kəs rəsmi sənədlərdə baş örtüyü ilə şəkil çəkdirilməsinə icazə veriləcəyini düşündü. Lakin o dövrlər rəsmilər bunun yeni qurulmuş dövlətin bu istiqamətdə lazımı texniki avadanlığa malik olmamasını bəhanə edərək bu qanunu açıq da saxladı.

Bio nəzarətin sonrakı illərdə sərhəd keçid məntəqələrinə gələrək nəzarət sisteminin bir hissəsi olsa da, hicab haqqında qərar əl yandıraraq toxunulmaz qaldı və görünür müxtəlif manipulyasiyalar edilməsi üçün saxlanılması planlı şəkildədə də icra edildi.
İlk hicabla bağlı gərginlik 1999-2002-ci illəri əhatə edən zamanda ortaya çıxdı. O vaxtlar Təhsil Naziri olan Misir Mərdanovun orta məktəblərdən birində hicablı şagirdin hicabını açmasına təkidi bu məsələni yetərli gərginləşdirdi. 

2002-ci ildə bu məsələ ilə bağlı Nardaranda yaranan qarşıdurma və 1 nəfərin həyatını itirdiyi hadisə orta məktəblərdəki hicab qadağasına etirazdan alovlanmışdı. Hadisə zamanı yerli sakinlərin 9 ay boyunca çadır qurub hicaba qoyulan qadağaya etirazlar etməsi növbəti dəfə məsələnin açıq qalaraq arxa plana keçirilməsinə səbəb oldu.

Sonrakı illərdə dini məzmunda qarşıdurmalar, etiraz və həbslər olsa da, hicabla bağlı hakimiyyət həssaslıq göstərərək onu yenidən gündəmə gətirmədi. Bu 2009-cu ilə qədər sürən bir zamanı əhatə etdi. 
Növbəti etiraz işartıları 2009-cu ildə təkcə orta məktəblərdə deyil, ali məktəblər, iş yerlərində də alışmağa başladı. Görünən bu idi ki, hakimiyyət bəlli hadisənin inanclıların təsir və güc imkanlarını müəyyənləşdirərək bunun yüksəlməsinə maraqlı idi.
Hicabın qadağan olunması ilk Aşura mərasimlərinin bölgələrdə məhdudlaşması ilə bir dövrə düşməsi bunun təsadüf olmamasına daha bir əyani sübut idi. 

2010-12-ci illrdə “Hicaba azadlıq” şüarı ilə Bakı şəhəri Təhsil Nazirliyi önündə müxtəlif zamanları əhatə edən 3 böyük etiraz aksiyası keçirildi. Əlbəttə, etirazlar təkcə şəhərin mərkəzində deyil, Azərbaycanın müxtəlif məntəqələrində özünü göstərdi.
Onlarla inanclıların həbsi məhz bu dövrə təsadüf etdi. Son hicaba azadlıq aksiyası ciddi qarşıdurmalara meydan olarkən hakimiyyət qapanmayan hicab problemini növbəti dəfə ertələmək qərarını verdi.
Sonrakı illərdə inanc və inanclılarla bağlı planlı etirazlar, həbslər, hətta münaqişələr olsa da lakin hicab məsələsi öz həssaslığını qoruyaraq toxunulmaz qaldı. Lakin məsələnin həll edilmədən açıq saxlanılması bu məsələdə maraqlı tərəflərin və təsir gücünün ölçülməsinə hesablanması bunu söyləməyə əsas verirdi ki, hicabla bağlı problem zamanla geri dönəcək.
2026-cı ilin gəlişi sanki çoxdan sönən vulkanı-hicabın məhdudlaşdırılması problemini yenidən özü ilə gətirdi ki, bu öncə bölgələrdə, gözdən könüldən uzaq məkanlarda alışsa da, artıq sürətli olaraq öz dairəsini genişləndirməyə davam edir.
Ötən illərdən fərqli olaraq bu dəfə həm media tör-töküntüləri, həm təhsil nümayəndələrinin qətiyyətli və israrçı çıxışları bu nöqtədə illərdir həbslərdən sonra inanclıların ruhuna qorxunun nə qədər təsirli olmasını hesablamaya bənzəyən bir addıma oxşayırdı. Sanki tərəflər yüzlərlə inanclının həbs və işgəncələrdən sonra hicabın qadağalanması mövzusunda hansı addımı atacağına maraqlı görünür.
Təhsil Nazirliyinin səbrlə etirazlara susqun yanaşması məktəb direktorları və hicablı uşaqların valideynləri ilə aralarında gərginliyi hər ötən gün artırır. Bunun nə kimi nəticələrə varmazdan öncə hicabın məktəbli geyiminə uyğunlaşdırılaraq hər bir şagirdin təhsil alma hüququnu özünə verərək hakimiyyət və xalq arasında böhran və uçurum yaranmamış rəsmilərin bu məsələyə daha həssas olmalarını xüsusi diqqət olunmalı nöqtədir.
Hicabın məcburi, yoxsa məcbur olunmadan örtünməsi, hicablı şagirdlərin təhsil ocağında göstərdikləri yüksək nəticələr, yəhudi məktəblərində uşaqların başına qoyduqları papaqların görməzdən gəlinməsi isə növbəti yazının mövzusu olaraq qalsın. 

Bir daha rəsmilərdən bu məsələdə həlli addım ataraq məktəbə buraxılmayan qız uşaqlarının təhsil hüququnun bərpasını düşünməyi tövsiyyə edirik.