İraqın baş naziri: ABŞ qonağımız Süleymanini hədəfə almaqla ölkəmizin suverenliyini kobudcasına pozdu

“Qasım Süleymani İraqın qonağı idi və Amerikanın onu hədəfə alması suverenliyimizə kobudcasına təcavüz idi.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani “Qələbənin komandanlarının anım tədbiri”ndə çıxışı zamanı deyib.

Əl-Sudani Qasım Süleymaninin və Xalq Səfərbərlik Qüvvələrinin (Haşd-Şabi) sədr müavini Əbu Mehdi Əl-Mühəndisin və onların silahdaşlarının terrora məruz qalmasının üçüncü ildönümü münasibətilə keçirilən sözügedən tədbirdəki çıxışında vurğulayıb ki, "şəhidlərin qanı hədər getməməlidir”.

Əl-Sudani sözlərinə belə davam edib: “2020-ci il yanvarın 3-də biz faciəli xəbər və təhlükəli hadisəyə oyandıq ki, bu da Xalq Səfərbərlik Qüvvələrinin sədr müavini Əbu Mehdi Əl-Mühəndis, qonağımız Qasim Süleymaninin və onların həmkarlarının hədəfə alınması və şəhid olması idi.”

“Sabiq Amerika administrasiyasının bu hərəkəti İraq ərazisi və suverenliyinə açıq açıq-aşkar təcavüz idi. Bütün beynəlxalq norma və qanunlar tərəfindən qınanan bir hərəkət və nəticələri də təhlükəli idi. Bu, bütün regionda təhlükəsizlik və sabitliyi təhdid edirdi.”

İraqın baş naziri qeyd edib ki, “İraqa və regiona təhlükəli (İŞİD) terror hücumunun qarşısını almaqda mühüm rolu olan bir rəhbərliyi hədəfə almaq ölkələr arasındakı ikitərəfli razılaşmalara və dostluğa hörməti əks etdirmir”.